Məhkəmə vəkil Elçin Sadıqovu ev dustaqlığında saxlayıb
Binəqədi Rayon Məhkəməsi vəkil Elçin Sadıqovun barəsində həbs-qətimkan tədbiri- ev dustaqlığı şərtlərinin dəyişdirilməsinə dair müraciəti təmin etməyib.
Vəkil ona öz öhdəliklərini Bakıdan kənarda, bütün Azərbaycan ərazisində yerinə yetirilməsinə icazə verilməsini xahiş edib.
Sadıqov imtinanı “ayrı-seçkilik və onun peşə fəaliyyətini məhdudlaşdırdığını” hesab edir. Vəkil həmçinin ona qarşı cinayət işini “uydurma və sifarişli”adlandırıb.
Vəkil Binəqədi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.
Xatırladaq ki, sentyabrın 10-da Elçin Sadıqov və jurnalist Əvəz Zeynallı rüşvət almaqda şübhəli bilinərək saxlanılıblar. Sentyabrın 11-nə keçən gecə məhkəmə hər ikisinin barəsində həbs-qətimkan tədbiri seçib.
Lakin sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Sadıqovu ev dustaqlığına keçirib.
Ev dustaqlığının şərtləri təqsirləndirilən şəxsi saat 23.00-dan 06.00-a kimi evdən çıxmamağa vadar edir. Qalan vaxtda müttəhim sərbəstdir.
Turan