“D18” təşkilatının iki üzvü həbs edilib
Noyabrın 11-də axşam saatlarında saxlanılan «D18 – Demokratiya 1918 Hərəkatı”nın İdarə Heyətinin üzvü Afiəddin Məmmədov inzibati qaydada həbs olunub.
Bu barədə Turana Hərəkatdan məlumat verilib.
D18-dən bildirilib ki, A.Məmmədov dünən evə qayıdarkən polis tərəfindən saxlanılıb. “Afiəddinlə dünəndən əlaqə saxlamaq mümkün deyildi. Bu gün Daxili İşlər Nazirliyindən bizə bildirdilər ki, o saxlanılıb. İndi isə məlum olub ki, o, məhkəmənin qərarı ilə 30 sutka müddətinə inzibati qaydada həbs olunub”.
Bir gün əvvəl “Demokratiya-1918” Hərəkatının digər fəalı Orxan Zeynallı 30 sutka müddətinə həbs edilib.
Hər iki fəal həm də qida çatdırılması kuryerlərinin həmkarlar ittifaqının üzvləridi.
Hərəkat hesab edir ki, aktivistlər qondarma ittihamlarla həbs olunublar və fəal vətəndaşlıq mövqeyinə, həmçinin kuryerlərin əmək hüquqları uğrunda mübarizə apardıqlarına görə təqib olunurlar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.