Çində etirazçılar Şi Tsinpinin istefasına çağırıblar
Şanxayda Çinin COVID 19-a qarşı sərt tədbirlərindən narazı olan etirazçılar ölkənin qüdrətli liderinin hakimiyyətdən getməsinə çağırıblar. Ölkənin bir neçə şəhərində bazar günü etirazçıların hökumətə görünməmiş bir şəkildə meydan oxuyaraq küçələrə çıxdığı zaman nümayşçilər və polis arasında toqquşmalar baş verib.
Paytaxt Pekin də daxil olmaqla, ölkənin digər şəhərlərini bürüyən vətəndaş itaətsizliyi dalğası Şi Tsinpinin hakimiyyəti dövründə heç bir presedentə malik deyil.
Çində artıq üç ilə yaxındır COVID-19-un yayılmasının qarşısını almaq üçün ciddi məhdudlaşdırıcı tədbirlər tətbiq edilir.
Çində yoluxmaların sayı dünya standartlarına görə aşağı olsa da son bir neçə gündə yoluxma halları bütün vaxtlarda olduğundan ən yüksək həddə çatıb: şənbə günü 40 minə yaxın yeni yoluxma halı qeydə alınıb.
Şi Tsinpinin hakimiyyəti dövründə müxalifətin demək olar aradan qaldırıldığı və vətəndaşların senzuradan ötmək üçün öz fikirlərini əsasən sosial mediada ifadə etdiyi Çində genişmiqyaslı ictimai etirazlar nadir hallarda baş verir.
Mao Tszedundan sonra Çinin ən qüdrətli lideri sayılan Şi bu yaxınlarda yenidən Çinin hakim Kommunist Partiyasının rəhbəri vəzifəsinə təyin edilib və bəziləri onun ömür boyu hakimiyyətdə qalmağa çalışacağını gözləyir.
Amerikanın səsi