Göyçayda təmir işlərinin tender “əjdahası”: “ATF” MMC-ni Saleh Məmmədova nə bağlayır?
Göyçay Rayon İcra Hakimiyyəti “2022-ci ildə Göyçay şəhərində küçələrin, dalanların, səkilərin və yolların əsaslı təmiri işlərinin satın alınması” tenderinin nəticələrini açıqlayıb.
Tenderin qalibi “ATF” MMC olub. Şirkətlə 673 min 320 manat məbləğində müqavilə imzalanıb.
Mətbuatda yayılan məlumatlarda qeyd edilir ki, “ATF” MMC əsasən Göyçay rayonunda asfalt yollarının tikintisi ilə məşğul olur. Bu şirkəti Azad, Təbriz və Faxrəddin Muradov qardaşları yaradıblar.
Şirkətin adı da onların adlarının baş hərflərinin birləşməsindən ibarətdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun sevimli şirkəti olan “ATF” MMC nəinki Göyçayda, Azərbaycanın müxtəlif yerlərində – İsmayıllının Basqal, Ucarın Yuxarı Şilyan, Bərgüşad, Bağman kəndlərində, Goranboyda, Tərtərdə, Balakəndə hazırda yol tikintisi işləri görür.
İndi isə adıçəkilən şirkətin tenderlər vasitəsilə neçə milyonluq dövriyyəyə malik olduğunun statistikasına nəzər salaq.
ATF şirkəti 2010-cu ildə 3,4 milyon manat, 2011-ci ildə 5,23 milyon manat, 2012-ci ildə 12,22 milyon manat, 2013-cü ildə 17,72 milyon manat, 2014-cü ildə 9,13 milyon manat, 2015-ci ildə 13,5 milyon manat, 2016-cı ildə 2,43 milyon manat, 2017-ci ildə 3,75 milyon manat, 2018-ci ildə 3,15 milyon manat, 2020-ci ildə 4 milyon manat dəyərində tenderlər “qazanıb”.
Tenderlərin ümumi dəyəri 75 milyon manat olub.
Şirkəti Saleh Məmmədova nə bağlayır?
Şirkət bundan əvvəl də Qəbələ Rayon İcra Hakimiyyətinin 485 min 134 manat dəyərindəki “Qəbələ şəhərinin küçə və yollarında əsaslı təmir işləri” (11.11.2022) tenderini qazanıb.
AAYDA bahalı layihələrin icrasını adətən özü həyata keçirir. Amma AAYDA sədri Saleh Məmmədov bəzən istisnalara yol verir və bu vaxt onun köməyinə öz himayədarlığı ilə yaranan “ATF” MMC şirkəti gəlir.
Bahalı layihələr həyata keçirən AAYDA işlərin bəzilərini digər podratçılara həvalə etməsini bəyan etsə, məsələn, 2019-cu ildə bu podratçılara 153 milyon manat ödəniş həyata keçirsə də həmin şirkətlərin adları açıqlanmayıb. Belə ki, hər il çoxlu sayda və bahalı tenderlərin keçirilməsinə baxmayaraq, bu tenderlərin nəticələri ilə bağlı məlumatlara rast gəlmək olmur. Əgər belə olmasaydı, o halda, tenderin nəticələrini etender.gov.az vahid portalında görmək olardı. Amma kimsəyə sirr deyil ki, regionlarda bu cür işlərin böyük əksəriyyəti AAYDA-nın “tövsiyəsi” ilə “ATF” MMC şirkətinə həvalə edilir. Niyə məhz “ATF” MMC-nin seçilməsi isə tərəflərin korrupsiya əməllərində axtarılmalıdır.Saleh Məmmədovun “ATF” MMC ilə “iş birliyi” yalnız tenderlərlə yekunlaşmır. Hətta iş o yerə çatıb ki, Göyçayda yerləşən 17 saylı Yol İstismar İdarəsinin müdiri Rəşad Kərimovu işdən çıxarıb, yerinə “ATF” MMC-nin təsisçilərindən olan Təbriz Muradovun oğlu Tehranı müdir təyin ediblər. Bundan sonra dövlətin idarəsi olan 17 saylı Yol İstismarı İdarəsinin bütün texnikaları qanunsuz olaraq “ATF” MMC-nin tenderdə “udduğu” yol tikintisi işlərinə cəlb edilib. Bu isə korrupsiya cinayətidir.
“ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilərək məhkəmə qərarı ilə həbs olunub. Rəhbərlikdə isə onu qardaşları Azad və Təbriz Muradovlar əvəzləyib. Buna baxmayaraq, Saleh Məmmədovun agentliyi şirkətlə “işləməyə”, “ATF” də qurumun tenderlərinin rəqibsiz qalibi olmaqda davam edir.
“Asfaltyeyənlər” haqda statistika – milyonlarla manat…
“ATF” MMC uzun müddətdir ki, paytaxtdan kənar rayonlarında şəhər, qəsəbədaxili avtomobil yollarının təmir-tikintisi, müxtəlif sosial infrasturktur obyektlərinin tikintisi, həmçinin abadlıq işlərinin həyata keçirilməsi ilə məşğuldur.
AAYDA kimi dayağı olan “ATF” MMC son bir neçə ildə çoxlu sayda tenderin “qalibi” olmaqla milyonlarla manat dəyərində layihə icra edib.
2020-ci ilin məlumatına əsasən, şirkət Ağsu, Balakən, Kürdəmir və Mingəçevir şəhərlərində 5 layihəni icra edib. Bu layihələrin ümumi dəyəri 4 milyon manatı ötür.
Ümumilikdə, “ATF” MMC 2010-cu ildən bəri yerli icra qurumlarının elan etdiyi 65 tenderin “qalib”i olub. Tenderlərın çoxu Göyçay, Ağdaş, Ağsu, Ucar, Balakən rayonları və Mingəçevir şəhərinin icra hakimiyyətləri tərəfindən elan edilib.
Rəsmi məlumatların təhlili göstərir ki, tenderlərin 26-sı Göyçay rayonu ilə bağlı olub və bu tenderlərin ümumi dəyəri 32 milyon manat təşkil edib. “ATF” MMC Göyçayda sadəcə yol çəkməyib. Şirkət həm də abadlıq işlərinin icrasını həyata keçirib, orta məktəb tikintisi aparıb və s.
“Azərsu” ASC-dəki partnyor – Etibar Məmmədov
Amma “ATF” MMC digər dövlət qurumlarının həyata keçirdiyi tenderlərin də qalibidir və bu baxımdan şirkətin “Azərsu” ASC ilə də “əl əli yuyar, əl də üzü” prinsipi ilə işbirliyi mövcuddur.
Əldə etdiyimiz məlumatda bildirilir ki, Qorxmaz Hüseynovun vaxtında “Azərsu”da tenderlərin və digər iri layihələrin reallaşdırılmasına qurumun sədr müavini Etibar Məmmədov nəzarət edib. Onun “ATF” MMC və onun rəhbəri Azad Muradovla tanışlığı da həmin tenderlərdə pulun silinməsi prosesi ilə başlayıb.
“ATF” MMC “Azərsu”nun sifarişi ilə ölkənin müxtəlif rayon və şəhərlərində müəmmalı tender layihələrini icra edib və məhz bu şirkətin qalib elan olunmasında Etibar Məmmədovun müstəsna əməyi olub.
Ümumiyyətlə isə “ATF” MMC-nin adının şəffaflığı şübhə doğuran bir çox tenderlərdə hallanması qurumla bağlı ciddi araşdırma aparılması zərurətini ortaya çıxarır.
Ümid edirik ki, müvafiq qurumlar yazıda göstərilən faktları və hələ ictimaiyyətə bəlli olmayan digər nüansları araşdıraraq gərəkən addımları atacaq.
Mənbə: Milletinsesi.info