Priqojin Soledarı ələ keçirdiyini bildirir
Putinin aşpazı və “Vagner” özəl hərbi şirkətinin yaradıcısı Yevgeni Priqojin iddia edir ki, onun bölmələri Donetsk vilayətinin Soledar şəhərini tam nəzarətə götürüb.
“Vaqner bölmələri Soledarın bütün ərazisini nəzarətə götürdü. Şəhərin mərkəzində bir qrupu mühasirəyə almışıq, orada döyüşlər gedir. Əsirlərin sayı sabah açıqlanacaq. Bir daha vurğulamaq istəyirəm ki, “Vaqner” döyüşçülərindən başqa heç bir bölmə Soledara hücumda iştirak etməyib ” -deyə, Priqojinin mətbuat xidməti yanvarın 10-da axşam bildirib.
Amerikanın Müharibə Tədqiqi İnstitutu isə 10 yanvar hesabatında yazır ki, rus qoşunları hələ də Soledarı tam ələ keçirə bilməyiblər. Mütəxəssislərin fikrincə, küçə döyüşləri zamanı vəziyyət çox tez dəyişə bilər, buna görə də müəyyən ərazirələrə kimin nəzarət etdiyini söyləmək tezdir.
Ukrayna rəsmiləri vəziyyətlə bağlı hələlik şərh verməyib. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının səhər xülasəsində Soledarın adı ancaq Rusiya ordusunun atəşinin davam etdiyi bölgədəki yaşayış məntəqələri arasında yer alır.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin 46-cı aeromobil briqadasının döyüşçülərindən biri Soledardakı vəziyyəti “kritik” adlandıraraq, orada çox ölü olduğunu, heç kimin onları dəqiq saymadığını bildirib.
Soledar Donetsk vilayətində son vaxtlar şiddətli döyüşlərin getdiyi kiçik bir şəhərdir. Onun itkisi Ukrayna qüvvələri tərəfindən rusların aylardır hücum etdiyi daha böyük Baxmutu müdafiə etməyi çətinləşdirə bilər.
Basta