Bəxtiyar Hacıyev ictimaiyyətə müraciət edib
“Məhkəmə-hüquq sistemi bir dəstənin əlində oyuncağa çevrilmiş ölkədə heç kim heç nədən sığortalanmayıb. Özümüzü, övladlarımızı, valideynlərimizi, yaxınlarımızı belə haqsız mühakimələrdən qorumaq üçün Azərbaycanda qanunun aliliyini gec-tez təmin etməliyik. Şübhəsiz ki, bir gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucu babalarının görmək istədiyi cəmiyyət qurulacaq. Ancaq bu, ətrafımızda hər gün baş verən və hər gün artan ədalətiszliklərə qarşı səssizliklə yox, ədalətsizliyə qarşı birgə mübarizə ilə olacaq”.
Bu barədə həbsxanada 14 gündür aclıq edən, Harvard Universitetinin məzunu, ictimai fəal Bəxtiyar Hacıyevin “Müdafiə Xətti” hüquq müdafiə təşkilatı vasitəsi ilə Azərbaycan cəmiyyətinə ünvanladığı müraciətdə deyilir.
Hacıyev ilk öncə onu dəstəkləyən yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarına, ictimai-siyasi partiyalara, ictimaiyyət nümayəndələrinə, diplomatik korpuslara minnətdarlıq bildirib.
Hacıyev həmçinin bildirib ki, ona qarşı 2 ildən artıqdır davam edən mənəvi-psixoloji təzyiqlərə, qondarma ittihamlarla açılmış cinayət işi çərçivəsində həbs edildiyinə susanlar və hətta bu və ya digər maraqlar çərçivəsində həbsinə haqq qazandırmaq istəyənlər də var.
O həbsinə hüquq-mühafizə orqanlarından birinin rəhbərliyi ilə son 2 ildə yaranmış konfliktin səbəb olduğunu bildirir.
“Dəfələrlə mən Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyinə müraciət edərək, görüşlər keçirərək bu konflikti dayandırmağı, dərinləşdirməməyi təklif, xahiş etsəm də, onlar bu kampaniyanın arxasında olmaqlarını qətiyyətlə inkar edir, məni və ailəmi təhqir hədəfinə çevirirdilər”.
Hacıyev həbsinin işgəncə faktlarına görə Daxili İşlər Nazirliyinin Baş Mütəşşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşına qarşı ABŞ Dövlət Departamentinin sankisya tətbiq etməsindən sonraya təsadüf etdiyini yazıb.
“Daha sonra bu şəxslərin beynəlxalq sanksiyalar siyahılarına salınması istiqamətində ardıcıl fəaliyyət göstərmişəm. 3 dekabr 2022-ci ildə Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, general-mayor Vüqar Ələkbərovla görüşümüz zamanı o, məndən sanksiya tələblərini 3-4 ay ertələməmi tələb etdi, bunu özünün və övladının Almaniyada müalicəsini davam etdirmək istəyi ilə izah etdi. Görüşün sonunda isə xitam verilmiş cinayət işi haqqında “o zaman axtararıq, sizi ittiham etməyə çalışarıq” dedi. DİN əməkdaşının ABŞ tərəfindən Maqnitski Aktı çərçivəsində sanksiya siyahısına salındığı gündə həbs edilməyim bir daha həbsimin əsl səbəbini göstərir”, o qeyd edib.
O hesab edir ki, konfliktin yaranması və dərinləşməsində maraqlı tərəf Daxili İşlər Nazirliyi olub.
“Onlar öz əməllərini dayandırmaq əvəzinə hər dəfə yeni “günahkar” axtarırdılar. Gah mənim tənqidlərimin arxasında Əli Nağıyevin, gah İsveçrə səfirliyinin təşkil etdiyi ziyafətdə yüzlərlə adam arasında olduğuna görə Mikayıl Cabbarovun, gah Prezident Administrasiyasından Hikmət Hacıyevin, Ədalət Vəliyevin, gah Kəmaləddin Heydərovun dayandığını bildirirdilər. Hətta Vüqar Ələkbərovla görüşlərdə də o, Vilayət Eyvazovun yerinə kadr təyin etmək istəyi ilə əsaslandıraraq, birinci vitse-prezidentin dayandığını da iddia edirdi”, müraciətdə qeyd edilir.
Hacıyev Daxili İşlər Nazirliyinin rəhbər şəxslərinin ölkə prezidentinin polisin gücü daxilində hakimiyyəti saxladığını dediklıərini də bildirib.
İcitimai fəal bildirib ki, davam edən mənəvi-psixoloji, məhkəmə-hüquq təzyiqlərinə, təhqir və böhtan kampaniyalarına, qondarma ittihamlarla həbs edilməsinə etiraz olaraq son bir ayda ikinci dəfə, 28 gündür aclıq aksiyası keçir.
“Hər gün aclıq aksiyasının fəsadlarını daha çox hiss edirəm. Həkimlər mütəmadi olaraq mənə aclığın fəsadları haqqında məlumat verirlər. Şəkər səviyyəsinin düşməsi nəticəsində komaya düşmək, qanın laxtalanması, beyində atrofiya və hematoma, mədə xorasının yaranması, böyrək və ürək çatışmazlığı və s. və ilaxır. Təbii ki, orqanizmdən asılı olaraq, ölüm riskini də mütəmadi olaraq mənə xatırladırlar. Mən də həyatımın və sağlamlığımın hər an risk altında olduğunun fərqindəyəm. Heç bir insan öz xoşu ilə uzun müddət ac qalaraq, sağ qalacağı təqdirdə fiziki və əqli fəsadların qalacağı, əks təqdirdə həyatına son verəcək prosesi davam etdirməz”, Hacıyev keçirdiyi aclıq aksiyasnın fəsadlarından bəhs edib.
İctimai fəal ölkdə və beynəlxalq səviyyədə haqsızlığa susan insanları hüquqlarının müdafiəsinə qalxmağa səsləyib.
Öz növbəsində, Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinin Bəxtiyar Hacıyevin müraciəti ilə bağlı sorğusuna münasibət bildirməyib.
“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, Hacıyevin müraciətində qaldırdığı problemlər tamamilə realdır. Müraciəti 4 hissəyə bölmək olar.
“Azərbaycan cəmiyyətinə, dövlət hakimiyyəti orqanlarına, beynəlxalq hüquq-müdafiə təşkilatlarına və beynəlxalq demokratik siyasi güc mərkəzlərinə ünvanlanan müraciət sarsıdıcıdır. Hökumət, ali icra hakimiyyəti, və Daxili İşlər Nazirliyi çox narahat olmalıdır. Çünki bunun üçün əsaslar var. Bəxtiyarın həyatı təhlükə altındadır. O artıq 14 gündür aclıq edir və hər an quru aclığa keçə bilər. Bu da faciənin anonsu ola bilər”, o qeyd edib.
Bu gün, yanvarın 22-də Bəxtiyar Hacıyev ailə üzvləri ilə telefonla danışıb.
“Biz aclığı dayandırmasını xahiş etdik. Lakin Bəxtiyar aclığı sonadək davam etdirəcəyində israrlı olduğunu bildirdi. Dedi ki, ya azadlıq, ya ölüm. Haqsız olaraq həbsdə olmaq fikrində olmadığını bildirdi”, Hacıyevin ailəsindən Amerikanın Səsinə deyiblər.
Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Ynavarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.
O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan insan haqları fəalı Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.
Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 14 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə də 14 gün aclıq edib.
Yanvarın 9-da ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays ənənəvi brifinqdə Turan agentliyinin müxbirinin sualına cavabda ABŞ-ın Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən dərin narahatlığını ifadə edib.
“Biz hakimiyyət orqanlarını onları tez bir zamanda azad etməyə çağırırıq,” o qeyd edib.