Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycandan Laçın dəhlizinin açılmasını tələb edib
Beynəlxalq Haaqa Məhkəməsi Azərbaycandan Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin fasiləsiz hərəkətinin təmin olunmasını tələb edib.
Qeyd edək ki, Laçın-Xankəndi yolunda bir qrup azərbaycanlı iki aydan çoxdur aksiya keçirir. Ermənistan tərəfi bunu blokada kimi qələmə versə də, Azərbaycan həmin yolun humanitar yüklər üçün açıq olduğunu bildirir.
Ermənistanın Azərbaycana qarşı iddiası üzrə, iki səs əleyhinə olmaqla, 13 səslə qərar qəbul edilib.
Məhkəmə Azərbaycanın Ermənistana qarşı verdiyi cavab iddiasına da baxıb. İddiada bildirilir ki, Ermənistan Laçın dəhlizindən Dağlıq Qarabağa atəşkəs razılaşması ilə qadağan edilən silah və minaların daşınması üçün istifadə edib. BMT məhkəməsində Azərbaycanın iddiası yekdilliklə rədd edilib.
Müxalif siyasətçi, MSDM-in üzvü Vaqif Hacıbəyli hesab edir ki, Laçın dəhlizində yumşaq güc tətbiqi ilə bağlı bizim qərarımız düzgün olsa da, ermənilər bu prosesdən maksimum faydalanaraq beynəlxalq ictimai rəyi əleyhimizə yönəldə bildilər və mötəbər beynəlxalq qurumlarda öz xeyirlərinə ciddi qərarlar qəbul etdirməyə nail oldular.
“İndi vəziyyəti soyuq başla qiymətləndirib daha çevik qərarlar qəbul etmək vaxtıdır” – deyə, Vaqif Hacıbəyli özünün feysbuk səhifəsində yazıb.
Basta