Vardanyan vəzifədən çıxarıldı
Qarabağ “prezidenti” Araik Arutyunyan bu gün “dövlət naziri” Ruben Vardanyanı vəzifədən azad edib. O, bu barədə “hökumətin” bugünki iclasında bildirib.
Ermənistan KİV-lərinin yaydığı məlumata görə, Arutyunyan hərbi-siyasi vəziyyət haqqında məlumat verib və onunla Vardanyan arasında heç bir ədavət olmadığını bildirib.
“Bütün bu müddət ərzində biz birlikdə idik, mövcud problemlərin həllini müzakirə edirdik. O, həmişə məsuliyyəti mənimlə bölüşməyə hazır idi”, deyə Arutyunyan bildirib.
Daha sonra o, “baş prokuror” Gurgen Nersisyana Vardanyanın yerini tutmağı təklif etdiyini qeyd edib.
Arutyunyanın sözlərinə görə, yeni “dövlət nazirinin” koordinasiya sahəsinə güc və xarici işlər qurumları istisna olmaqla, bütün icra hakimiyyəti orqanları daxil olacaq.
Xatırladaq ki, rəsmi Bakı Vardanyanı “Moskvanın elçisi” adlandıraraq, onun Qarabağdan getməsini tələb edirdi.
Dünən Vardanyanın müşaviri bildirib ki, o, vəzifədən getsə, Qarabağı tərk etməyəcək.