Hillari Klinton Bəxtiyar Hacıyevin müdafiəsinə qoşuldu
Fevralın 24-də ABŞ-ın keçmiş Dövlət katibi Hillari Klinton öz Twitter hesabında hazırda 47 gündür aclıq aksiyası keçirən insan haqları fəalı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yazıb. Keçmiş Dövlət katibi bildirib ki, Hacıyev siyasi motivli ittihamlarla həbsdə saxlanmasına etiraz olaraq aclıq aksiyası keçirir və vəziyyəti getdikcə pisləşir:
“Azərbaycanlı fəal Bəxtiyar Hacıyevlə bağlı narahatlıq ifadə edən insanların və qurumların çağırışlarına öz səsimi əlavə edirəm. Dünya izləyir”, deyə o əlavə edib.
Bəxtiyar Hacıyev hazırda 47 gündür aclığı davam etdirir. 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan fəal səhhəti kəskin pisləşdiyindən fevralın 11-də Penitensiar Xidmətinin Müalicə müəssisəsinə köçürülüb.
Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs edilib.
Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.
Bəxtiyar Hacıyev 4 mart 2011-ci ildə də həbs edilərək hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.
ABŞ Dövlət katibi Hillari Klintonun 2012-ci il iyunun 6-da Azərbaycana səfərindən iki gün öncə iyunun 4-də o, Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa buraxılıb. Dövlət Katibi Bakı səfəri çərçivəsində Bəxtiyar Hacıyevlə görüşüb.
Amerikanın səsi