Fazil Mustafadan ilk açıqlama: Möcüzə oldu
Ötən gün terror hücumuna məruz qalan deputat Fazil Mustafa hadisə ilə bağlı açıqlama verib. Deputat “Haqqın.az” saytının rəhbəri Eynulla Fətullayevlə əlaqə saxlayaraq, terror aktının necə baş verməsindən danışıb.
Modern.az xəbər verir ki, F. Mustafa jurnalistə açıqlamasında bunları deyib: “Evə qədər sürdüm. Maşını qaraja daxil etmək istəyəndə birdən nə olduğunu başa düşmədim. Pultun düyməsini sıxıb qaraja daxil olmağa hazırlaşırdım. Birdən maşının “podpres”i sındı. Çiynimdə dəhşətli ağrı hiss eləyirdim. Ağrılardan sonra bunun atəş zərbəsi olduğunu anladım, çünki atəş səslərini eşitdim. Qapını açıb düşdüm. Darvazaya tərəf bir neçə addım atanda artıq ikinci güllə mənə dəydi. Ayağımdan yaralandım. Evə gedərək tez qapını bağladım”.
Deputatın sözlərinə görə, sonra qapını bağlayaraq təcili yardım və hüquq mühafizə orqanlarına məlumat veriblər: “Təcili yardım maşınında özümü təhlükəsiz hiss edəcəyim xəstəxanaya aparılmağı xahiş etdim. Amma çox qan itirmişdim. Bədənim əsirdi. Daha heç nə xatırlamıram”.
Fazil Mustafa möcüzə baş verdiyini əlavə edib: “Özüm də başa düşmədim ki, necə sağ qaldım. Allah saxladı. Möcüzə oldu”.
Qeyd edək ki, dünən axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd olub. O, evinin yaxınlığında güllələnib.
Dövlət Təhlükəsizliyi Xidməti Milli Məclisin deputatı Fazil Mustafaya qarşı silahl hücumun terror aktı olduğunu bildirib.
Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatında deyilir ki, martın 28-də Bakı vaxtı ilə saat 21:51-də Azərbaycan Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında – Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
“Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası almışdır. Ona zəruri tibbi xidmətlər göstərilir və vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur. Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılmışdır.
Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir”, məlumatda qeyd edilir.