Azərbaycanlı atletlər Yerevandakı çempionatı tərk edib – Yenilənib

Ağır atletika üzrə Azərbaycan yığması aprelin 15-də səhər İrəvandan yola düşüb və avtobusla Gürcüstana gəlib. Bu barədə şənbə günü günortadan sonra Azərbaycan Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Komandanın Tbilisidən təyyarə ilə Bakıya gəlişi şənbə günü axşam saatlarında gözlənilir.

Komanda İrəvanda keçirilən Avropa çempionatını aprelin 14-də açılış mərasimində yarışın təşkilat komitəsinin üzvlərindən birinin Azərbaycanın bayrağını yandırmasından sonra tərk edib.

***

Avropa Ağır Atletika Federasiyası 14 aprel 2023-cü ildə Ermənistanın paytaxtı İrəvanda Atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı baş verən hadisəni – bir nəfərin Azərbaycan Bayrağını yandırmasını qəti şəkildə qınayıb.

Modern.az xəbər verir ki, bu barədə Federasiya bəyanat yayıb.

“Avropa Ağır Atletika Federasiyası bu son dərəcə ciddi və təəssüf doğuran jesti idman dəyərlərinin bütövlüyünə və ədalətli oyunun universal prinsiplərinə dair bir hücum kimi nəzərdən keçirir.

Avropa Ağır Atletika Federasiyası bu hadisəyə dərhal reaksiya verib, təşkilat komitəsinə mövqeyini bildirib. Federasiya daim Azərbaycan Respublikasından olan nümayəndə heyəti ilə, idmançılara, məşqçilərə və vəzifəli şəxslərə tam həmrəylik və dəstək ifadə edir”,- bəyanatda qeyd olunub.

***

Azərbaycanlı atletlər Yerevandakı çempionatı tərk etməlidirlər

Aprelin 14-də axşam Yerevanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi keçirilib.

İştirakçı ölkələrin təqdimatı zamanı Azərbaycan bayrağı da səhnəyə gətirilib. Bu zaman təşkilatçılardan biri bayrağı aparan qızın əlindən alıb və yandırıb, sonra isə zaldan qaçıb. Bir müddət sonra bayraq geri qaytarılıb. Bütün baş verənlər tamaşaçıların fiti ilə müşayiət olunub.

Bu hərəkətin müəllifi təşkilatçı komandanın üzvü olması onun sinəsindən asılan sertifikatdan da görünür.

Xatırladaq ki, bu çempionatda Azərbaycanın ağır atletika komandası iştirak edir.

 

Bizim şərh:

Azərbaycanlı atletlər Ermənistanda əsgərimizə işgəncə verilməsinə etiraz əlaməti olaraq Yerevanda keçirilən çempionatda iştirakdan imtina etməli idilər.

Ümid edək ki, onlar heç olmaza bayrağımızın qəsdən yandırılmasından sonra bu addımı atacaqlar.

Bayrağın yandırılması xırda bir insident xəbəri kimi keçir. Amma atletlərimizin Avropa çempionatını tərk etməsi dünyanın gündəminə gələcək və sərhədi azan əsgərə işgəncə verən, hətta beynəlxalqa idman yarışlarında da zorakılıq və təhdiddən əl çəkməyən Ermənistanın gerçək simasını hər kəs görəcək.

(Bayrağın yandırılmasında təşkilatçıların nəinki əli var, ümumiyyətlə açılış törəninin bu ssenarisi Azərbaycan bayrağının yandırılmasına hesablanıb. Bu, olimpiada deyil, nə lüzum var idi bayraqlarla tək-tək dövrə vurulmasına?
Əlində bayraq olan qızın səhnədən düşərək tamaşaçıların qabağına gəlib dayanması isə, onu yandıran “stilist”in işini daha da asanlaşdırmaq üçün olub).

 

Basta