Qarabağa qeyri-qanuni silah göndərişlərindən xəbər tutan jurnalist Gürcüstanda öldürülüb?

Naməlum şəraitdə həlak olan 23 yaşlı Tbilisi sakini Tamar Baçaliaşvilinin valideynləri qızlarının ölümünün qeyri-qanuni beynəlxalq silah ticarəti ilə əlaqədar olduğunu bildiriblər.

İT-texnologiyalar üzrə mütəxəssis olan Tamar Baçaliaşvili iyulun 18-də səhər evdən şəxsi avtomobili ilə çıxıb və itkin düşüb. Onun cəsədi beşinci gün Tbilisidən 65 kilometr məsafədə arxa oturacaqda tapılıb. İstintaqın əsas versiyası intihardır.

Amma qızın ailəsi bununla qətiyyən razı deyil və bu gün Gürcüstan Baş Prokurorluğu qarşısında etiraz aksiyası keçirib. Onlar “intihar həddinə çatdırma”ğın “qəsdən adam öldürmə”yə tövsif edilməsini tələb edirlər.

Avqustun əvvəllərində KİV-də Tamarın ölümündən bir müddət əvvəl Gürcüstanın üç yüksək vəzifəli məmuru ilə bağlı məxfi faylların ifşa etməsi haqqında məlumat yayılıb. Bundan sonra qızın təhdidlərə məruz qaldığı iddia edilirdi.

Son bir ay ərzində Baçaliaşvilinin valideynləri istintaqdan bu şəxslərin adlarını açıqlamağı tələb ediblər, eyni zamanda, Gürcüstanın baş naziri Georgi Qaxariyaya müraciət ediblər. Bu gün qızın anası Teona Tamazaşvili bildirib ki, adı çəkilən üç məmur Qarabağ münaqişəsi zonasına silah göndərişi ilə məşğul olur.

“Azərbaycan və Türkiyə hakimiyyətini bununla maraqlanmağa və Gürcüstan hökumətindən bu üç yüksək vəzifəli məmurla bağlı faylları tələb etməyə çağırıram. Qızım onları təsadüfən açıb, Qarabağ müharibəsinin silahla təchizatı sxeminin üstünü açıb”, deyə o bildirib.

Beləliklə, qızın ölümünün bu yaxınlarda Serbiyadan Gürcüstandan keçməklə Ermənistana silah göndərilməsi ilə bağlı yaranmış qalmaqalla əlaqədar ola bilər. Amma, bəlkə də, söhbət Gürcüstan vasitəsilə ermənilərə silah göndərilməsi ilə bağlı yeni faktdan gedir.

Turan