Şarl Mişel ayrı-ayrılıqda Əliyev və Paşinyanla görüşüb

Bu gün Brüsseldə Avropa İttifaqı Şurası Prezidentinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar gözlənilir.

Bundan əvvəl Charles Michel hər iki liderlə ayrı-ayrılıqda görüşüb.

Cümə günü Azərbaycan Prezidenti Avropa İttifaqı Şurasının rəhbəri ilə görüşü vaxtı Brüssel formatının səmərəli olduğunu qeyd edib, Azərtac-ın xəbərində deyilir.

Şənbə günü isə Charles Michel Ermənistanın Baş Naziri ilə görüşüb. Bu barədə Nikol Paşinyanın mətbuat xidməti bildirir.

Brüsselə gəlməkdən əvvəl tərəflər danışıqlarla bağlı ümidlərini dilə gətiriblər.

İki gün əvvəl ABŞ Dövlət katibi Antony Blinken-lə telefon danışığı vaxtı İlham Əliyev “sülh gündəliyinə sadiqliyi” və Ermənistanla sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini vurğulayıb.

Ermənistanın Baş naziri də danışıqlarda irəliləyişə ümid etdiyini bildirib. Lakin ötən həftə Nikol Paşinyan Brüsseldə heç bir sənədin imzalanmayacağını deyib.

“Təəssüf ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətni hələ imzalanmağa hazır deyil”, – Ermənistanın Baş naziri hökumət iclasında bildirib.

Azərbaycan və Ermənistan arasında sülh danışıqları ABŞ, Avropa və Rusiyada keçirilir. İyun ayında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-dakı görüşündən sonra tərəflər birgə bəyanatda “əlavə irəliləyişə” nail olunduğunu elan ediblər.

Brüssel görüşü ərəfəsində dövlət sərhədində atışma halları olub, hər iki tərəfdən yaralananların olduğu bildirilir. Bakı və Yerevan bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

BBC