Nazirlik daha bir partiyaya YOX dedi
Ədliyyə Nazirliyi təkrar qeydiyyatdan keçmək üçün müraciət edən Böyük Azərbaycan Partiyasının təqdim etdiyi üzv siyahılarını yoxlayıb.
Modern.az xəbər verir ki, bu barədə partiyanın sədri Elşad Musayev məlumat verib.
Partiya Nazirliyə 7388 üzvün məlumatlarını təqdim edib. Onların bir çoxunda çatışmazlıqlar aşkar olunub.
Çatışmazlıqların aradan qaldırılması üçün partiyaya bir ay vaxt verilib.
Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.
Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.
Qeydiyyata alınmayanlar sırasında REAL, Müsavat, AXCP, ADP, Ağ partiya, AMİP, Azadlıq, Ümid partiyaları, Ədalət, AXP, BAXCP, MCP də var. Ölkədə indiyədək qeydiyyatdan keçən yeganə partiya YAP-dır.