Bakıdan Xankəndiyə göndərilən humanitar yardım yolda qalıb

Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım karvanı avqustun 29-dan Ağdam-Xankəndi yolundadır.

Bu barədə “Report”un əraziyə ezam olunmuş əməkdaşı xəbər verib.

Bildirilir ki, içərisində 40 ton un məmulatları olan iki TIR dünəndən etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ötən gün ərazidə qurulan çadırlarda gecələyib və istirahət ediblər.

Onların əsas məqsədi Qarabağda yaşayan erməniəsilli vətəndaşlara humanitar yardım göstərməkdir və bunun üçün içərisində 40 ton un məmulatı olan iki yük avtomobili Ağdam-Xankəndi yolunun üzərində dayanıb.

Humanitar yardımın Xankəndiyə çatdırılması ilə bağlı ötən gün qurumun əməkdaşları Azərbaycan ərazisində müvəqqəti məskunlaşan Rusiya sülhməramlıları ilə danışıqlar aparıblar və onlara yüklərin daşınması ilə bağlı hər hansı bir cavab hələ də verilməyib.

“Hraparak” qəzetinin məlumatına görə, Qarabağdakı separatçı rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyanın rəhbərlik etdiyi ictimai təşkilat Azərbaycandan humanitar yardımın qəbul edilməsinin əleyhinə çıxış edib. Bu qurumun təşəbbüsü ilə 20-dək yerli gənc,  humanitar yardımın Qarabağa çatmasını əngəlləmək üçün Ağdam-Xankəndi yolunu bağlayıblar. Daha əvvəl bu marşrutu bağlamaq üçün yola beton piltələrin qoyulduğu bildirilir.  Araik Arutunyanın sözçüsü isə Azərbaycan tərəfi ilə humanitar yardım mövzusunda hər hansı danışıq aparılmadığını bildirib.