Dronların Pskov hava limanına hücumu: dörd İl-76 təyyarəsi sıradan çıxıb

Avqustun 30-na keçən gecə Rusiyanın Pskov şəhərindəki Beynəlxalq Hava Limanı pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Pskov vilayətinin qubernatoru Mixail Vedernikovun sözlərinə görə, Rusiya hərbçiləri pilotsuz təyyarələrin hücumunu dəf edir. “Hadisə başlayandan şəxsən mən hadisə yerində olmuşam. İlkin məlumata görə, xəsarət alan yoxdur. Dağıntının miqyası dəqiqləşdirilir”, – deyə vilayət rəhbəri bildirib.

TASS-ın fövqəladə hallar xidmətinə istinadən verdiyi ilkin məlumatlara görə, hava limanına hücum zamanı dörd İl-76 hərbi-nəqliyyat təyyarəsi zədələnib. Limandakı yanacaq çənlərinin partlaması böyük yanğına səbəb olub.  Qeyd olunur ki, həmin hava limanının yaxınlığında Rusiya ordusunun 334-cü hərbi nəqliyyat alayı yerləşir.

İL-76 (NATO kod adı ilə: Candid) — Sovet İttifaqının İlyuşin Konstruktor Bürosu tərəfindən dizayn olunmuş dörd turbofan mühərrikli çoxməqsədli təyyarədir. Bu təyyarə ağır və iri ölçülü yüklərin orta və uzaq məsafələrə daşınması üçün təyin olunmuşdur. Həmçinin bu təyyarəinin hərbi variantları hava-idarəetmə məntəqəsi və havada-yanacaq dolduran kimi Asiya və Avropa qitələrində geniş istifadə olunur.

İL-76-nı fərqləndirən xüsusiyyətlərindən biri də onun rampa sistemli yük bölməsi qapısının olmasıdır, bu isə xüsusi ilə kommersiya məqsədli yük daşınmada daha əhəmiyyətli yer tutur. Çünki bu sistem bir çox iri ölçülü texnika və avadanlıqların, tırtıllı və təkərli texnikaların, bağlama şəklində olan yüklərin yük bölməsinə rahatlıqla daxil olunmasına kömək edir.