Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddiasını rədd etdi
Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın Vaqif Xaçatryanın həbsi ilə bağlı Azərbaycana qarşı yeni müvəqqəti tədbirin tətbiqi ilə bağlı müraciətini rədd edib.
Avropa Məhkəməsi həmçinin Vaqif Xaçatryanın ümumi vəziyyəti və davam edən cinayət prosesi barədə Azərbaycana məlumat verilməsini tapşırıb.
Qeyd edək ki, Vaqif Xaçaturyan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Qırğın zamanı 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb.
Kütləvi qırğınla əlaqədar aparılan cinayət işi üzrə Vaqif Çerkezoviç Xaçatryanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (Soyqırımı) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.
O, iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.