Bakıda uşaq bağçaları açılır: bəs, hansı qaydalarla?
Sentyabrın 15-dən Bakıdakı dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib, Bakı Şəhər İcra Hakimiyyəti bildirib.
Qurumun məlumatında deyilir ki, müvafiq hazırlıq və tibbi-profilaktik tədbirlərdən sonra epidemioloji vəziyyətə uyğun olaraq oktyabrın 1-dək bağçaların tam açılması nəzərdə tutulur.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) idarənin tabeçiliyində olan bütün bağçalarda dezinfeksiya işlərinin aparıldığını, işçi personalının pandemiya şəraitində işləmək qaydaları ilə bağlı təlimatlandırıldığını bildirib.
Bağçalaların dezinfeksiya məhsulları ilə təmin edildiyi, mütəmadi havalandırma və dezinfeksiya tədbirlərinin nəzərdə tutulduğu qeyd olunub.
BŞİH pandemiya ilə əlaqədar bağçalarda müəyyən nəzarət tədbirlərinin qaydalarını açıqlayıb.
Qaydalara görə, hər gün bağçaya gələn işçi heyəti və uşaqların temperaturu ölçüləcək, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayacaq.
Bundan başqa, həftə sonu bütün bağçalarda tam dezinfeksiya işləri aparılacaq.
Azərbaycanda ali və orta məktəblərdə yeni tədris ili də sentyabrın 15-də başlayacaq.
Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb.
Martın 24-dən qüvvədə olan xüsusi karantin rejimi sentyabrın 30-dək uzadılıb.
BBC