İlham Əliyev Ermənistana birbaşa danışıqlar təklif edir
Yerevan Rusiyanın vasitəçiliyindən imtina edərsə, Azərbaycan və Ermənistan XİN başçıları arasında birbaşa danışıqlar alternativ ola bilər. Bu barədə Azərbaycanın dövlət başçısı İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən bildirib.
Bu il sentyabrın 19-da Qarabağda antiterror əməliyyatı həyata keçirilib və yerli hərbi kontingent – 10-15 min nəfər tamamilə tərksilah edilib. Mülki infrastruktura, mülki obyektlərə və mülki şəxslərə ziyan dəyməyib, bütünlükdə əməliyyat isə 24 saatdan az davam edib.
Erməni birləşmələri ruhdan düşüb və faktiki olaraq, təslim olub. Bu gün ərazilərin bandit birləşmələrdən təmizlənməsi prosesi gedir. Bizdə olan məlumata görə, hələ bu ərazidə gizlənən qruplar var. Ərazi kifayət qədər böyükdür, buna görə ərazini tamamilə təmizləmək üçün vaxt tələb olunacaq, deyə Əliyev bildirib.
O, “Ermənistanın Qərbdəki himayədarlarını” Azərbaycana qarşı saxta kampaniya aparmaqda ittiham edib, Azərbaycanı nüfuzdan salmağa çalışan Fransanı xüsusi olaraq vurğulayıb.
Əliyevin sözlərinə görə, “bu ölkənin rəhbərliyinin təxribatçı rolu” 2020-ci ildə başlayıb və hazırda da davam edir. “Qanlı müstəmləkə keçmişinə” malik olan ölkə Azərbaycanı ittiham edə bilməz.
“Bizə belə vasitəçilər lazım deyil”, deyə Əliyev qeyd edib.
“Oktyabrın 12-də Rusiya tərəfin təklifi ilə Bişkekdə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilməli idi. Biz Rusiyanın vasitəççiliyini minnətdarlıqla qəbul edirik, çünki Rusiya bizim qonşumuz və müttəfiqimizdir, həmçinin Ermənistanın müttəfiqidir, minlərlə kilometr uzaqda yerləşənlərdən fərqli olaraq, bu ölkə bizim regionumuzda yerləşir.
Biz bu təklifi müsbət qəbul etdik və bizim xarici işlər nazirimiz rusiyalı və erməni həmkarları ilə görüşməyə hazır idi. Təəssüf ki, Ermənistan tərəfi bu görüşdən imtina edib. İndi belə bir sual yaranır: Ermənistan sülh istəyir? Düşünürəm ki, yox, çünki sülh istəsəydi, bu imkandan imtina etməzdi.
Ermənistanın baş naziri 6 saat Qranadaya uçur, orada Azərbaycanın iştirakı olmadan Azərbaycanın müzakirə olunduğu anlaşılmaz bir görüşdə iştirak edir, Bişkekə 2-3 saatlıq yolu isə uça bilmir, onun vacib işləri var”, deyə Əliyev sözünə davam edib.
Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır. Biz sülh müqaviləsi üzərində işi davam etdirməyə hazırıq. Ermənistan Rusiyanın vasitəçiliyini qəbul etməsə, alternativ Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında birbaşa danışıqlar ola bilər. Digər platformaları öz xidmətlərini təklif edən ölkələrin münasibətlərini nəzərə alaraq təhlil edirik, deyə İlham Əliyev qeyd edib.