Vaqif Xaçatryanın məhkəməsi başladı

Oktyabrın 13-də Bakıda 22 dekabr 1991-ci il tarixində Xocalı rayonunun Meşəli kənd sakinlərinin kütləvi qətlində iştirak etməkdə ittiham olunan Qarabağ ermənisi Vaqif Xaçatryanın işi üzrə hazırlıq iclası keçirilib.

İşə Bakı Hərbi Məhkəməsi Yasamal Rayon Məhkəməsinin binasında Zeynal Ağayevin sədrliyi ilə baxılır.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, o, vəkil və tərcüməçi ilə təmin edilib. Xaçatryanın hüquqlarını vəkil Natiq Bəybalayev müdafiə edəcək.

Dövlət ittihamını baş prokurorun köməkçisi, ədliyyə generalı Müqəddəs Sultanov və Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin prokuroru Cövdət Mehrəliyev dəstəkləyir.

Zərərçəkmiş şəxs qismində Xocalı rayon icra hakimiyyətinin nümayəndəsi Murad Hüseynov iştirak edir. Bundan başqa, Meşəli kəndindəki hadisələr zamanı öldürülmüş Kərim Hümmətovun oğlu Hüseyn Hümmətov da zərərçəkmiş şəxsin hüquqi varisi kimi iştirak edir.

Dövlət ittihamçısı məhkəmədən işin baxılması üçün göndərilməsini və təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin dəyişdirilməməsini xahiş edib. Mahiyyəti üzrə dinləmələr oktyabrın 17-nə təyin edilib.

* Vaqif Xaçatryan iyulun 29-da Ermənistana getməyə çalışarkən “Laçın” nəzarət-buraxılış məntəqəsində saxlanılıb.

Onun barəsində Azərbaycanda 22 dekabr 1991-ci il hadisələri ilə əlaqədar açılmış cinayət işi üzrə axtarış elan olunub. Həmin vaxt bir qrup silahlı erməni Xocalı rayonunun Meşəli kəndinə hücum edib.

Xaçatryan və əlbirləri 25 azərbaycanlını öldürüb, 14 nəfəri yaralayıb, 358 azərbaycanlını qanuni yaşayış yerlərindən qovub.

Xaçatryan Azərbaycan CM-in 103 (soyqırım) və 107-ci (əhalinin deportasiyası və ya zorla köçürülməsi) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.