Əziz Orucovun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçildi
“Kanal 13”ün rəhbəri Əziz Orucov barəsində Səbail Rayon məhkəməsi 3 ay həbs qətimkan qərarı seçib. Bu haqda onun qardaşı Anar Orucov məlumat yayıb.
Əziz Orucova qarşı Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə cinayət işi açılmışdı.
***
Kanal 13-ün rəhbəri, jurnalist Əziz Orucovun evində və ofisində polis axtarış aparıb – bu barədə onun həyat yoldaşı Lamiyə Çerpanova BBC News Azərbaycancaya məlumat verib.
Onun sözlərinə görə, bazar ertəsi günü axşam saat altı radələrində polislər Əziz Orucov və vəkili Bəhruz Bayramovun iştirakı ilə yaşadıqları mənzildə axtarış aparıblar.
“Səbail rayon polis idarəsinin 8-9 əməkdaşı evdə axtarış apardılar. Onların əllərində məhkəmə sənədi var idi. Əziz Orucovun iki ədəd laptopunu, istifadə etmədiyi telefonları və Əzizin əvvəlki həbsi müddətindən olan məhkəmə sənədlərini apardılar”, – Lamiyə Çerpanova deyib.
Daxili İşlər Nazirliyindən Əziz Orucovun evində və ofisində axtarış aparılması ilə bağlı məlumat almaq mümkün olmayıb.
Kanal13 rəhbəri Əziz Orucova 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə cinayət işi açılıb.
Vəkil Bəhruz Bayramov bildirir ki, Orucova cinayət işi başlanmasına səbəb olan ərazidə yüzlərlə ev tikilib.
Bundan əvvəl “Abzas-Mədia” nın rəhbərliyi həbs edilib.