ManşetSiyasət

Müsavat Divanı İsa Qəmbərə qoyulan qadağanı pislədi

Noyabrın 23-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Əvvəlcə görülən işlər və rayon təşkilatlarında keçirilən iclaslar barədə məlumat dinlənilib.

Divan üzvü Nüşabə Sadıxlı Ankaraya səfəri və Şəfiqə Qaspirallı adına Qadınlar Birliyinin təşkil etdiyi konfransda iştirakı barədə məlumat verib. 

Müsavat başqanı İsa Qəmbərin ölkədən çıxışına heç bir izahat verilmədən məhdudiyyət qoyulması və Berlinə səfərinin əngəllənməsi kobud qanun pozuntusu və Müsavata qarşı təzyiqlərin tərkib hissəsi kimi qiymətləndirilib. Hakimiyyət bu məhdudiyyətin səbəbini izah etməli, ümumiyyətlə vətəndaşa məlumat verilmədən bu və ya digər hüquqların məhdudlaşdırılması praktikasına son qoyulmalıdır.

Siyasi motivlərlə həbs edilmiş AXCP sədri Əli Kərimlinin və onun müavini Məmməd İbrahimin məhkəmə prosesi barədə məlumat dinlənilib. Məhkəmənin qapalı keçirilməsi, prosesdə iştirak etmək istəyənlərin təzyiqlə üzləşməsi, onlardan birinin hətta həbs edilməsi pislənilib.

Cəzaçəkmə müəssisələrində məhkumlara, xüsusilə qadınlara olan təzyiqlər haqqında məlumatlardan ciddi narahatlıq ifadə edilib.

Dünyada və regionda baş verən hadisələr, o cümlədən Ukrayna cəbhəsində  son durum ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlər müzakirə olunub.