Saxlanılan AXCP üzvünə cinayət işi açıldı
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) noyabrın 28-də saxlanılan üzvü Elnur Həsənov barəsində CM-in 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə cinayət işi açılıb.
AXCP-dən qeyd olunub ki, fəal yaxın saatlarda həbs-qətimkan tədbiri seçilməsi üçün Xətai rayon Məhkəməsinə çıxarılacaq: “İttihamlar saxtadır. Elnur Həsənov ardıcıl olaraq Dövlət Yol Polisini tənqid etdiyinə görə şərlənib”.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən “Turan”a E.Həsənov barəsində cinayət işinin başlanmasını təsdiqləyiblər. Amma nazirlikdən əlavə heç nə bildirilməyib. Buna qədər DİN insanların siyasi fəaliyyətinə görə şərlənərək həbs edilməsi ilə bağlı müxalif düşərgədə səslənən şikayətləri əsassız sayıb.