Münxendə Əliyev-Paşinyan görüşü

Fevralın 17-də Münxendə Azərbaycan prezidenti İlham Əliyevin Almaniya kansleri Olaf Şolts və Ermənistan baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib.

Bu barədə AZƏRTAC saytı məlumat yayıb. Görüşün detalları, hələlik, açıqlanmır.

Fevralın 16-da Münxendə ənənəvi təhlükəsizlik sammiti öz işinə başlayıb.

Son illər Azərbaycan və Ermənistan arasında həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə danışıqlar aparılır. Amma iki ölkə arasında sülh sazişi imzalanmayıb.

Fevralın 13-də isə iki ölkənin sərhədində gərginlik yaranıb. Azərbaycan bir hərbçisinin sinayper gülləsi ilə yarlandığını, bununla bağlı cavab tədbiri gördüklərini açıqlayıb. Ermənistan isə dörd hərbçisinin öldüyünü, birinin də yaralandığını bildirib. Rəsmi Yerevan Azərbaycanı “hərbi təzyiq siyasətini davam etdirməkdə” günahlandırıb. Azərbaycan isə hesab edir ki, ilk güllə qarşı tərəfdən atılıb və baş verən gərginliyin məsuliyyəti onların üzərinə düşür.

Son aylar iki ölkənin sərhədində əsasən sakitlik olduğu bildirilirdi.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə qısa müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Həmin il Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. 2023-cü il sentyabrın 19-20-də isə Bakı Qarabağda “lokal antiterror tədbirlər” elan edib. Yerevan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Separatçı qurumun bir çox liderləri də saxlanaraq Bakıya gətirilib.

AzadlıqRadiosu