Navalnının cənazəsi ailəsinə verilmir

Mərhum rusiyalı siyasətçi Aleksey Navalnının anası yenidən Salexarddakı morqa gedib, lakin cəsədlər arasında onun oğlunun olub-olmadığını demirlər.

Modern.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Navalnının mətbuat katibi Kira Yarmış məlumat verib.

“Onların içəri girməsinə icazə verilmir. Vəkillərdən biri sözün əsl mənasında qovuldu. Alekseyin cəsədinin orada olub-olmadığını soruşduqda, işçilər cavab vermir”, – o bildirib.

Qeyd edək ki, Navalnının ölümündən keçən 3 gün ərzində onun ailəsinə meyit verilməyib. Siyasətçinin həmkarları hesab edirlər ki, Navalnının cəsədi qəsdən qohumlarından gizlədilib.

Keçən həftə Xarp koloniyasına gedən Navalnının anası və vəkilləri Salexard meyitxanasına göndərilib. Amma orada deyiblər ki, onlarda Navalnının cəsədi yoxdur. Navalnının tərəfdaşlarının dediyinə görə, İstintaq şöbəsi hələ də ölümün səbəblərini müəyyənləşdirdiklərini və gələn həftədən tez istintaqı tamamlamayacaqlarını bildirib.