Putindən atəşkəs təşəbbüsü: “Nəfəs dərməyə çalışır”
Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya Ukraynada 36 saatlıq atəşkəs elan etməyi tapşırıb.
“Meduza” informasiya portalının məlumatına görə, Putinin göstərişinə əsasən, rus qoşunları pravoslav Milad bayramında, 6 yanvar saat 12:00-dan 7 yanvar 2023-cü il saat 24:00-a qədər (Moskva vaxtı ilə) atəşi dayandırmalıdır. Atəşkəs rejimi Ukraynada “tərəflər arasında bütün təmas xətti boyunca” fəaliyyət göstərməlidir.
Putin Kiyevi də atəşi müvəqqəti dayandırmağa çağırıb. “Pravoslavlığı qəbul edən çoxlu sayda vətəndaşın hərbi əməliyyatların aparıldığı ərazilərdə yaşadığını əsas götürərək, biz Ukrayna tərəfini atəşkəs elan etməyə və onlara Milad ərəfəsində, eləcə də bayram günü Məsihin mövludu ilə bağlı mərasimlərdə iştirak etmək imkanı verməyə çağırırıq” – deyə, Rusiya prezidentinin sərəncamında deyilir.
Atəşkəs elan edən Putin, Rus Pravoslav Kilsəsinin (ROK) rəhbəri patriarx Kirillin çağırışına istinad edib. Yanvarın 5-də o, “daxili münaqişədə iştirak edən bütün tərəfləri” atəşi dayandırmağa və pravoslav dindarların Milad mərasimlərində iştirak edə bilməsi üçün 6 yanvar saat 12:00-dan 7 yanvar 24:00-a qədər atəşkəs elan etməyə çağırıb.
Bundan əvvəl, dekabrın ortalarında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Ukrayna ilə Yeni il və ya Milad atəşkəsi məsələsi müzakirə olunmur: “Xeyr, heç kimdən heç bir təklif daxil olmayıb və belə bir mövzu gündəmdə deyil”.
Ukrayna prezidentinin ofisində Patriarx Kirilin müraciəti “qeyri-səmimi tələ və təbliğat elementi” adlandırılıb. “Rus Pravoslav Kilsəsi pravoslavlar üçün avtoritetli qurum deyil, çünki yalnız müharibənin təbliğatçısı kimi çıxış edir. Bu qurum ukraynalıların soyqırımına çağırıb edib, qırğınlara bəraət qazandırıb və Rusiyanın daha da hərbiləşdirilməsində təkid edib. Buna görə də, RPK-nin “Milad atəşkəsi” ilə bağlı bəyanatı riyakarlıq və təbliğat elementidir”, – Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Twitter-də yazıb.
Zelenskinin ofisi Putinin atəşkəs təklifinə “İkiüzlülüyünü özündə saxla” sözləri ilə cavab verib. Podolyak Rusiya Federasiyası Prezidentinin təklifini belə şərh edib: “Birincisi. Ukrayna Rusiya kimi xarici ərazilərə hücum etmir və mülki insanları öldürmür. Ukrayna öz ərazisində yalnız işğalçı ordunun üzvlərini məhv edir. İkinci. Rusiya işğal etdiyi əraziləri tərk etməlidir – yalnız bundan sonra “müvəqqəti barışıq”a başlayacaq. İkiüzlülüyü özünə saxla…”.
Ukrayna prezidenti Vladimir Zelenski hələlik Putinin bu addımını şərh etməyib.
ABŞ prezidenti Co Baydenin fikrincə isə, Putin birtərəfli atəşkəs elan etməklə nəfəs dərməyə çalışır. Jurnalistlərin sualına cavab olaraq, o qeyd edib ki, Rusiya Katoliklərin Milad və Yeni il bayramlarında Ukraynanın “xəstəxanalarını, uşaq bağçalarını və kilsələrini” bombalamağa davam edib. “Düşünürəm ki, o [Putin] nəfəs almağa çalışır”, – Amerika prezidenti əlavə edib.
Bu, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra bütün cəbhə xətti boyunca ilk atəşkəs elanıdır. Putin bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlardan qısa müddət sonra deyib.
Ukraynanın bundan imtina edəcəyi təqdirdə Rusiya ordusunun atəşkəs rejiminə əməl edib-etməyəcəyi məlum deyil. Atəşkəs elan olunarsa, bunun hazırda Donetsk vilayətinin Baxmut şəhərinə və onun yaxınlığındakı Soledara hücum edən Vaqner dəstələrinə şamil edilib-edilməyəcəyi də məlum deyil: çünki, Putinin əmri ən azı formal olaraq özəl hərbi birləşmələrə deyil, Müdafiə Nazirliyinə ünvanlanıb.
Basta