Azərbaycan və Ermənistan arasında iki günlük Berlin danışıqları başa çatıb
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında fevralın 28-29-da Berlində keçirilən müzakirələr başa çatıb.
Müzakirələrin yekununa dair hər iki ölkənin Xarici İşlər Nazirlikləri oxşar məlumat yayaraq qeyd ediblər ki, nazirlər və onların heyətləri arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib. Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib.
Nazirlər həmçinin danışıqlara ev sahibliyi etdiyinə görə Almaniya tərəfinə minnətdarlıq ifadə ediblər.
Ceyhun Bayramov və Ararat Mirzoyanın başçılıq etdiyi nümayəndə heyətləri fevralın 28-də ikitərəfli formatda danışıqlara başlayıblar.
Ötən gün ikitərəfli görüşdən sonra tərəflər arasında müzakirələr Almaniya xarici işlər naziri Annalena Berbokun da iştirakı ilə üçtərəfli formatda davam etdirilib. Annalena Berbok mətbuata açıqlamasında Ermənistan və Azərbaycanın davamlı sülhə nail olmaq imkanının olduğunu bildirib.
“Həm Baş nazir Paşinyan, həm də Prezident Əliyev həll edilməmiş məsələlərin yalnız sülh yolu ilə güc tətbiq etmədən həlli üçün hazır olduqlarını bəyan ediblər ki, bu da mütləq vacibdir. Bu gün və sabah keçiriləcək dialoq irəliləyişə nail olmaq üçün ən yaxşı yoldur. Bu, asan deyil, biz Almaniyada və Avropada öz tariximizdən çox yaxşı bilirik. İrəli getmək üçün həqiqi öhdəlik və qətiyyət lazımdır”, Berbok vurğulayıb.
Almaniyanın görüşlərə vasitəçilik və etimad quruculuğu tədbirləri ilə sülh səylərini dəstəkləməyə sadiq olduğunu qeyd edən Berbok, sülh razılaşmasının əldə edilməsinin hər iki ölkəyə və ümumilikdə regiona müsbət təsirlərinin olacağını deyib. Almaniyalı nazir ABŞ, Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşlarla bu istiqamətdə çalışdıqlarını əlavə edib.
Siyasi təhlilçi Fuad Şahbazov Almaniya hökumətinin daha balanslı və neytral mövqe sərgiləməyə çalışdığını qeyd edib.
“Biz görürük ki, Almaniya hökuməti yeni bir format ərsəyə gətirərək həm Cənubi Qafqaz regionunda təsirini gücləndirməyə çalışır, həm də Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına ciddi töhfə vermək istəyir”, Şahbazov qeyd edib və əlavə edib ki, məsələ ilə bağlı Almaniya hökumətinin, habelə Azərbaycan və Ermənistan hökumətlərinin hazırkı mövqeləri davam edərsə, Berlin formatının gələcəkdə müsbət nəticələrini görmək mümkün olacaq.
Xarici işlər nazirləri arasında iki günlük müzakirələrin keçirilməsinə dair razılıq fevralın 17-də Azərbaycan və Ermənistan liderlərinin Münhen şəhərində Almaniya Kansleri Olaf Şoltsun vasitəçiliyi ilə baş tutan görüşündə əldə edilmişdi.
***
Amerika Birləşmiş Ştatları Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində görüşünü şərh edərək, “güclü və davamlı” sülhə çağırışlarını təkrarlayıb.
Dövlət Departamentinin sözçüsü Metyu Miller TURANın qarşıdan gələn görüşlə bağlı sualını cavablandırarkən deyib: “Biz hər iki tərəfi güclü, uzunmüddətli razılaşma əldə etməyə çalışmağa çağırırıq”.
Vaşinqton uzun müddətdir ki, Qərb paytaxtlarında yüksək səviyyəli danışıqlarda davamlı sülhə nail olmağa çalışır.
Bununla belə, Berlindəki görüşün ABŞ dövlət katibi Entoni Blinkenin ötən il başlatdığı “Vaşinqton prosesi”nin davamı olub-olmayacağı bəlli deyil.
Qeyd edək ki, bu gün Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək.