Lukaşenkonun 3 ölkəyə girişi qadağan edildi
Belarus prezidenti Aleksandr Lukaşenko və 29 digər Belarus rəsmilərinin Latviya, Litva və Estoniyaya girişi qadağan edildi. Bu sanksiyalar saxta seçkilər və etirazların şiddətlə yatırılması səbəbilə əsaslandırılıb.
Latviya və Estoniya Xarici İşlər Nazirliyinin siyahısında 30 ad var. Litvanın siyahısında isə Belarusun 31 səlahiyyətlisi “qara siyahı”ya alınıb.
Siyahıya Lukaşenkonun özü, oğlu Viktor, Belarusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Lidia Yermoşina, Daxili İşlər Naziri Yuri Karaev, Təhlükəsizlik Şurasının Katibi Andrey Ravkov, Baş Prokuror Aleksandr Konyuk, Prezident Administrasiyasının rəhbəri İqor Sergeyenko, Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri Valeri Vakulçik, İstintaq Komitəsinin rəhbəri İvan Noskeviç və başqaları daxildir.
Latviya Xarici İşlər Naziri Edgars Rinkeviçsin sözlərinə görə, giriş qadağası müddətsizdir.
Belarusda yeni ədalətli seçkilərin keçirilməsi və təhlükəsizlik qüvvələri tərəfindən nümayişçilərə qarşı şiddətə son qoyulması tələbilə etirazlar davam edir. Kanada, Böyük Britaniya və bəzi AB ölkələri, o cümlədən Belarusun qonşuları olan Litva və Polşa, Belarusda son seçkilərin nəticələrini tanımayıblar. Bundan əvvəl Avropa Parlamentində təmsil olunan ən böyük partiyalar artıq Lukaşenkonu persona non grata elan ediblər. AB-nin önümüzdəki həftələrdə 15-20 Belarus vətəndaşına qarşı sanksiya tətbiq etməyi planlaşdırdığı bildirilir.
Basta