Laçında itkin düşən əsgər Ermənistanda saxlanıldı
Azərbaycan Müdafiə Nazirliyi bu gün səhər saatlarında Laçın istiqamətində bir əsgərinin azdığını, Ermənistan Milli Təhlükəsizlik Xidməti bir azərbaycanlı hərbçinin saxlandığını açıqlayıb.
Azərbaycan ordusunun əsgəri “Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb”, Azərbaycan MN bildirib.
Nazirlik elan edib ki, hərbçinin tapılması üçün axtarış aparılır.
Azərbaycan tərəfi hadisənin baş verdiyi ərazi barədə dəqiq məlumat verməsə də, Ermənistan tərəfinin məlumatına görə, azərbaycanlı əsgərin saxlanıldığı Teg kəndi ötəl ilin martında Azərbaycanın dövlət sərhədində yüksəklikləri nəzarətə götürdüyü ərazilərin qarşı tərəfidir.
Ermənistan tərəfi “azərbaycanlı əsgərlərin” sərhədi keçməsi, bir hərbçinin Teg kəndi ərazisində saxlanması ilə bağlı məlumatı yayıb.
“Fevralın 28-də saat 05:15 radələrində 1 ədəd patron sandıqlı AKM tipli avtomatla silahlanmış Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Sünik vilayəti Teğ icmasının sərhəd hissəsində təmas xəttini keçib”, – Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirib.
Məlumata görə, əsgər Ermənistan hərbçiləri tərəfindən tərksilah edilib.
“Hadisə ilə bağlı Ermənistan İstintaq Komitəsində Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri əsasında cinayət işi açılıb. İstintaq aparılır”, – məlumatda deyilir.
Daha əvvəl Ermənistan mediasında, Teğ kənd sakinlərinə istinadən, iki Azərbaycan hərbçisinin sərhədi keçdiyi, birinin qaçdığı, digərinin saxlanıldığı haqqında xəbər yayılıb.
Azərbaycan tərəfi bir əsgərinin azdığı barədə məlumat yayıb, əlavə məlumat veriləcəyini bildirib.
Kənd sakinlərindən biri gecə sərhədin Azərbaycan tərəfindən atəş səsləri eşidildiyini bildirib, News.am yazır.
Azərbaycan tərəfi atəşkəsin pozulub-pozulmaması haqqında məlumat verməyib.
Ermənistan Müdafiə Nazirliyi hadisəni hələ şərh etməyib.
BBC