Ələsgər Məmmədli və Ruslan İzzətli həbs edilib
Toplum TV və III Respublika Platforması işləri üzrə şənbə günü Xətai Rayon Məhkəməsinin qərarıyla Ələsgər Məmmədli və Ruslan İzzətli dörd aylıq həbs edilib, Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl BBC Azərbaycancaya bildirib.
III Respublika Platformasının üzvü Ruslan İzzətli və Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli ötən gün “qaçaqmalçılıqda” təqsirləndirilərək şübhəli şəxs kimi saxlanılıblar, bu gün məhkəmə onlar haqqında istintaq dövründə həbs qətimkan tədbiri qərarı çıxarıb.
Ötən gün Toplum TV-nin martın 6-da saxlanılan iki əməkdaşı Fərid İsmayılov və Elmir Abbasovu polis “məhkəməyə təqdim etməyib və barələrində 4 ay müddətinə polis nəzarəti altına vermə qətimkan tədbiri seçib”, vəkil Zibeydə Zəkəriyyəyeva BBC Azərbaycancaya bildirib.
Eyni vaxtda “Toplum TV işi” üzrə saxlanılan digər dörd nəfər – Müşfiq Cabbar, Əli Zeynalov, İlkin Əhmədov və Ramil Babayev, eləcə də III Respublika Platformasının spikeri Akif Qurbanov barəsində isə məhkəmə 4 ay müddətinə həbs qətimkan tədbiri seçib, vəkil Zibeydə Zəkəriyyəyeva və jurnalist Xədicə İsmayıl BBC Azərbaycancaya deyib.
Cümə günü onların məhkəməsindən bir neçə saat əvvəl isə Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli və III Respublika Platformasının üzvü Ruslan İzzətli polis tərəfindən saxlanılıb və hər iki şəxsin evində axtarış aparılıb.
Ələsgər Məmmədli cümə günü “müayinə üçün getdiyi klinikadan çıxarkən mülki geyimli naməlum şəxslər tərəfindən avtomobilə qoyularaq aparılıb”, Məmmədlinin yaxınları BBC Azərbaycancaya bildiriblər.
Daha sonra isə polislər onun evində axtarış aparıb. Yaxınlarının bildirdiyinə görə, polislər axtarış bitəndən sonra “60 min avro pul tapdıqlarını” bildiriblər.
“Ailə üzvləri pulun onlara məxsus olmadığını, əməliyyatçılar tərəfindən qoyulduğunu deyirlər”, jurnalist Şəmşad Ağa Facebook hesabında yazıb.
Bununla bağlı Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.
Martın 6-da Bakı şəhər Baş Polis İdarəsi Toplum TV və III Repsublika Platformasının ofislərində axtarışlar aparıb və media qurumunun bəzi jurnalistləri, eləcə də platformanın bəzi üzvləri “qaçaqmalçılıqda ittiham olunaraq” saxlanılıblar.
Jurnalistlər və ictimai fəallar onlara qarşı sürülən ittihamları rədd edirlər və saxlanmalarını peşə fəaliyyətləri ilə əlaqələndirirlər.
***
Saat 14.00 radələrində bu gün səhər saatlarında saxlanılan Ələsgər Məmmədli və Rüstəm İzzətlinin mənzillərində axtarış başlayıb. Bu barədə onların yaxınları məlumat verib.
Yada salaq ki, Məmmədli Toplum TV onlayn resursunun təsisçilərdən biridir, İzzətli isə “Üçüncü Respublika” siyasi platformasının üzvüdür.
* * *
Tanınmış media eksperti, Toplum Tv-nin təsisçisi Ələsgər Məmmədli bu gün səhər saatlarında mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Onun qohumu Gülzar Məmmədli bildirib ki, bu, saat 11.00 radələrində Məmmədli müayinə olunduğu İstanbul klinikasından çıxarkən saxlanılıb.
Məmmədli maşınına yaxınlaşanda mülki geyimli şəxslər tərəfindən tutularaq başqa maşına mindirilib və naməlum istiqamətə aparılıb.
Bu gün Xətai polisinin binası qarşısında III Platformanın üzvü Ruslan İzzətli də saxlanılıb. Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl bildirib ki, onu qara rəngli avtomobilə mindirərək naməlum istiqamətə aparıblar.
Qeyd edək ki, İzzətli martın 6-da saxlanılsa da, gecə yarısı sərbəst buraxılmışdır.