“Toplum TV” işi üzrə həbs olunan Ramil Babayev quru aclığa başlayıb
Martın 6-da “Toplum TV” işi üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə şübhəli şəxs qismində saxlanılan Ramil Babayev həbsinə etiraz olaraq quru aclığa başlayıb. Bu barədə Amerikanın Səsinə qardaşı Nail Babayev məlumat verib:
“Qardaşım dedi ki, dünən evə axtarışa getməmişdən öncə cibindəki pulu göstərib, cibində 3 manat, bank kartında isə 22 manat olub. Bunların hamısını videoya çəkiblər, ondan sonra evə girib 2300 avro qoyublar, həmin videonu isə siliblər. Biz günorta ona yemək aparmışdıq, vəkil dedi ki, yeməyib və həbsinə etiraz olaraq aclığa başlayıb, hətta su belə içmir”.
Martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Onlardan Fərid İsmayılova, Müşfiq Cabbara, Elmir Abbasova və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb.
“Toplum TV”nin baş redaktoru Xədicə İsmayıl bildirib ki, “cinayət işinin hədəfi tənqidi səslərdir”.
Baş redaktor deyib ki, “Toplum TV”-nin avadanlıqları götürülən kimi birinci işləri nəşrin YouTube kanalının materiallarını silmək və adını dəyişmək olub.
“Bunun özü də bir göstəricidir, ola bilsin ki, tam məqsədləri olmasa da, məqsədlərinin bir hissəsi medianı susdurmaqdır”, İsmayıl qeyd edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinin sorğusuna cavab olaraq bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
“Əlavə məlumat veriləcək” – deyə, açıqlamada bildirilib.
“Toplum TV” 2016-ci ilin oktyabr ayından fəaliyyətə başlayan müstəqil informasiya resursudur. Əsas məqsədi insan hüquq və azadlıqlarını, ifadə azadlığını ön planda tutaraq cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasına xidmət etməkdir. Sayt həmçinin Demokratik Təşəbbüslər İnstitutunun (IDI) “Demokratiya Məktəbi” proqramının jurnalistika təlimlərində iştirak edən gənclərin peşəkarlıqlarını artırmaq üçün platforma rolunu oynayır.