Kim nəyi, kimdən və necə qaçırdıb?

Son günlərin həbsləri birmənalı siyasidir, tənqidçilərin və fərqli düşünənlərin susdurlulması üçün atılan növbəti addımlardandır. Onlar haqqında hansısa ittiham, şübhələr varsa, həbs etmədən də araşdırma aparmaq mümkün deyildi?

Bütün günahsız insanlar azad edilməlidir.

Bu baş verənlərdə hüquq mühafizə orqanlarının “sübutlar” əldə etməsi nə qədər gülməli və ağlabatan deyilsə, bir o qədər də işin siyasi müdafiə tərəfi qüsurludur.

Birincisi, sübutların ağlabatan olması məsələsi. Eyni iş görən, eyni istiqamətdə fəaliyyət göstərən, birgə saxlanılan Akif Qurbanlı və Ruslan İzzətli (qısa zaman azadlığa buraxılan) barəsində. Akif Qurbanlının evindən sübut kimi pul götürüldüyü halda Ruslan İzzətli evində hansı ağılla pul saxlayardı?

Kimsənin evindən götürülən pulun ona məxsus olmasını, olsa belə, cinayət olmasını qəti düşünmürəm.

Ələsgər Məmmədliylə bağlı, təsissçisi olduğu qurum ətrafında qaçaqmalçılıq ittihamı ilə cinayət işi başladıldığı, bir neçə nəfərin evindən pul “götürüldüyü” halda necə mümkündür ki, o evində pul “saxlasın”? Hətta adam evində olan çörəkpulusunu da evdən çıxarmalıydı. Bu işin bu tərəfi.

Müdafiə xarakterli qüsurlu statuslar haqqında.

Məsələn yazılır ki, heç bir halda Ələsgər müəllimin qaçaqmalçılıqla məşğul olduğuna inanmıram, bu ittiham ona yaraşmır. Ağlabatan deyil və s.. Mən də inanmıram.

O zaman belə çıxır ki, digərlərinə qarşı bu ittihamlar yapışır, yaraşır və ya ağlabatandır?

Əgər bir qurumun bütün təminatına cavabdeh olan şəxsə qarşı irəli sürülən ittiham yapışmırsa, yaraşmırsa, sadə işçilərə dünəndən yaraşmır.

Odur ki, cümlələri, cavabları, sualları düzgün seçməliyik ki, başqalarına zərər dəyməsin.

Hələ müdafiəçilərin bir hissəsinin vətəndaş cəmiyyətinə, demokratik düşərgəyə, müxalifətə söz ataraq müdafiə qurması kimi cılız məsələlər də var. Görünür ki, onlar indi dostlarını deyil, daha çox özlərini müdafiə etmək xətti tutublar.

Hakimiyyətə, istintaq orqanlarına isə əsas suallardan biri də məncə belə olmalıdır. Qaçaqmalçılıq ittihamı varsa, bu işə sərhədçilər və ya gömrük işçiləri də cəlb edilibmi.

Edilibsə, kimlərdir onlar?

Edilməyibsə, kim kimdən nəyi və necə qaçırdıb? Yox, əgər məsələ qrantlarla bağlıdırsa, qrant verən təşkilatların şikayətləri, vergidən yayınma faktları varsa, o zaman bu iş ən pis halda inzibati qaydada cəriməlikdir.

 

Yazı Səxavət Soltanlının feysbuk səhifəsindən götürülüb.