Müsavat başqanından Novruz təbriki
Müsavat Partiyasının başqanı Arif Hacılı Novruz Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
“Əziz həmvətənlər!
Novruz Bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.
Bahar Bayramı xalqımızın ən qədim və ən sevimli bayramlardan biridir.
Baharın gəlişi, təbiətin oyanması ilə bağlı olan bu bayram, həm də qədim ənənələrimizin qorunub saxlanması, nəsildən nəsilə ötürülməsi baxımından çox əhəmiyyətlidir. Xalqımızın kimliyini unutdurmaq, assimilyasiya etmək istəyənlər zaman-zaman tariximizi təhrif etmiş, başqa adət-ənənələrimiz kimi bu bayramımızı da unutdurmağa, mahiyyətini dəyişdirməyə çalışıblar. Xüsusilə sovet dövründə qadağan edilmiş Bahar Bayramımız Azərbaycanda gizli şəkildə qeyd edilirdi. Soydaşlarımız bir- birilərini gizli təbrik edir, bayram nemətlərini gizli hazırlayır, bayram şənliklərini gizli keçirirdilər.
Müstəqilliyimiz əldə olunandan sonra isə Novruz rəsmi dövlət bayramları arasında öz layiqli yerini tutdu. İndi təntənə ilə qeyd edilir və xalqın ən sevimli bayramlardan biridir.
Təəssüf ki, zəngin sərvətlərə sahib olan bir ölkənin vətəndaşları digər bayramlar kimi Novruzu da ürəkləri istədiyi kimi qeyd edə bilmirlər. Sosial- iqtisadi durumun pisləşməsi, qiymətlərin ardıcıl olaraq böyük sürətlə artması nəticəsində sadə Azərbaycan ailəsi ucuz bir bayram süfrəsi də aça bilmir. Belə ailələr ölkə əhalisinin böyük bir qismini təşkil edir.
Bunula belə ölkəmizin bütün ərazisində bayram tonqalları yandırılır. Bu bayran günündə, bu qələbəni bizə yaşadan, ərazi bütövlüyümüz uğrunda qəhrəmanlıqla həlak olan bütün şəhidlərimizi sevgi və sayğı ilə anır, onlara Allahdan rəhmət diləyirəm.
İnanıram ki, Bahar Bayramını işğaldan azad edilmiş ərazilərdə yenidən qurulmuş şəhər və kəndlərimizdə qeyd edəcəyimiz gün də çox uzaqda deyil.
Əziz həmvətənlər!
Sizi bir daha Novruz Bayramı münasibəti ilə təbrik edirəm. Sizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram”.