Rusiya NATO Baş katibinin Qafqaz səfərini tənqid edib

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, NATO və dəstəkçisi Avropa İttifaqı Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyirlər.

Martın 20-də keçirdiyi mətbuat brifinqində Mariya Zaxarova bildirib ki, NATO-nun baş katibi Jens Stoltenberg-in regiona səfəri Cənubi Qafqaz respublikalarını Avroatlantik təsir zonasına çəkmək cəhdinin növbəti göstəricisidir.

İki gün əvvəl NATO-nun Baş katibi Jens Stoltenberg Azərbaycandan başlamaqla, Gürcüstana və Ermənistana səfər edib, ölkə başçıları və yüksək rütbəli rəsmilərlə görüşüb.

Mariya Zaxarova mətbuata deyib ki, “belə cəhdlər Şimali Atlantika Alyansı və ayrı-ayrı üzv ölkələr tərəfindən uzun müddətdir və sistemli şəkildə edilir”.

“Problem nədir? mahiyyəti nədir? Mahiyyət ondan ibarətdir ki, Cənubi Qafqazda problemlər sanki azalıb. Bəs bu, Qərbdə kimləri qane edə bilər? Qərbdə bunu kim istərdi? Artıq sülh sazişlərinə yaxınlaşmağa başlayan bu dövlətlərin bir-biri ilə əməkdaşlıq etməsi Qərbə rahatlıq vermir. Bu dövlətlərin Rusiya ilə bərabərhüquqlu, qarşılıqlı hörmətli, qlobal sülhyönümlü təmas faktı Qərb üçün əlverişli deyil”, – Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiyanın vasitəçiliyi ilə əldə olunan razılaşmalar “Qərb üçün qırmızı əski” rolunu oynayıb.

BBC