Rusiya sülhməramlılarını Azərbaycandan çıxarır (Yenilənib)

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması ilə bağlı hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Bu barədə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.

“Artıq proses başlayıb. Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”, – Hikmət Hacıyev qeyd edib.

***

Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması prosesi başlayıb. Bu məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.

“Bəli, bu doğrudur” deyə Peskov gündəlik mətbuat brifinqində müvafiq suala cavab verib. O, heç bir təfərrüatı açıqlamayıb, “Meduza” xəbər verir.

***

Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması mərhələli şəkildə həyata keçirilir. Bu barədə “Ermənistan xəbərləri” – NEWS.am diplomatik mənbəyə istinadən xəbər yayıb.

“Kontingentin çıxarılması eşelonla Dağıstan vasitəsilə həyata keçirilir”, – diplomatik mənbə bildirib. Yekun tarix hələ açıqlanmayıb.

Yada salaq ki, hələlik nə rəsmi Bakı, nə də Moskva Rusiya sülhməramlı kontingentinin çıxarılması barədə rəsmi açıqlama verməyib.

***

16 aprel

KİV: Rusiyanın hərbi kontingenti Azərbaycanı tərk etdi – VİDEO

Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib.

Bu barədə Azərbaycanın hakimiyyətyönlü media orqanları məlumat yayıb.

Bildirilib ki, Rusiya kontingenti Azərbaycanı (Qarabağı) birdəfəlik və tam olaraq tərk edib. Qeyd olunub ki, təqdim olunan video sülhməramlı kontingentin Qarabağ istiqamətindən çıxaraq Azərbaycanı tərk etməsi zamanı Tərtər və Bərdə rayonlarında çəkilib.

Ermənistan mediası Rusiya sülhməramlılarının Kəlbəcərdəki dini məbədi tərk etməsi barədə məlumat yayıb.

 

Sülhməramlı kontingent Azərbaycan ərazisinə 44 günlük müharibədən sonra Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq yerləşdirilib.