Parlament seçkilərində iştirak üçün 1462 nəfərinin namizədliyi təsdiqlənib

Seçkiləri müşahidə etmək üçün 8 beynəlxalq qurumdan və 26 ölkədən 99 nəfər akkreditə olunub

Sentyabrın 1-də keçiriləcək erkən parlament seçkilərində iştirak üçün 1508 nəfər müraciət etsə də, onlardan 1462 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Bu barədə avqustun 3-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın iclasında danışıb.
MSK sədri 1191 nəfərin imza vərəqələrini qaytardığını, 881 nəfərin deputatlığa namizədliyinin qeydə alındığını əlavə edib.

Onun sözlərinə indiyədək ümumilikdə 14 min 506 yerli müşahidəçi akkreditasiyadan keçib:

“Bu müşahidəçilərdən 5477 nəfəri Mərkəzi Seçki Komissiyasında, 9029-u isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib. Seçkiləri müşahidə etmək üçün 8 beynəlxalq qurumdan və 26 ölkədən 99 nəfər akkreditə olunub. Belə ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan 40, MDB Parlamentlərarası Assambleyasından 36, Müstəqil Dövlətlər Birliyindən 14, Maldiv Mərkəzi Seçki Komissiyasından 3, Gürcüstan Mərkəzi Seçki Komissiyasından 2, Pakistan Mərkəzi Seçki Komissiyasından 2, Qazaxıstan Mərkəzi Seçki Komissiyasından 1, Monteneqro Seçki Komissiyasından isə 1 nəfər akkreditasiyadan keçib”.

 

Basta2