Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən hakimiyyətyönlü medianın böhtanına etiraz
Avqustun 15-də Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyəti öz Facebook səhifəsində bəyanat yayıb. Bəyanatda deyilir:
“Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyəti bu yaxınlarda Avropa İttifaqı nümayəndələri və Azərbaycanın siyasi partiyaları arasında görüşlərlə bağlı bəzi veb-saytların irəli sürdüyü ittihamları tamamilə təkzib edir. Bu ittihamlar görüşlərin formatı və məzmununa görə tamamilə yalandır və həqiqətə uyğun deyil.
Avropa İttifaqına, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə, Avropa İttifaqının Azərbaycandakı səfirinə və Azərbaycandakı nümayəndə heyətinə qarşı bu cür dezinformasiya hücumlarını təəssüf və qətiyyətlə pisləyirik.
Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Avropa İttifaqı Azərbaycanın mühüm və yaxın tərəfdaşı, o cümlədən mühüm ticarət tərəfdaşı və energetika sahəsində strateji tərəfdaşı olub və olaraq qalır.
Avropa İttifaqı uğurlu və inklüziv COP29 üçün COP29-da Azərbaycan sədrliyilə əməkdaşlığa sadiqdir.
Avropa İttifaqı Azərbaycan ilə birlikdə onun xalqının rifahı naminə, o cümlədən insan hüquqlarının müdafiəsi naminə fəaliyyət göstərir, Azərbaycan cəmiyyətinin bütün təbəqələri, o cümlədən siyasi partiyalar və vətəndaş cəmiyyətilə əlaqə saxlayır. Bundan əlavə, Avropa İttifaqı heç bir ölkədə heç bir seçkiyə müdaxilə etmir”.
Qeyd edək ki, iki gün əvvəl “Qafqazinfo” və bəzi digər hakimiyyətyönlü saytlar heç bir mənbəyə istinad etmədən Aİ-nin Azərbaycandakı diplomatlarının bazar ertəsi Müsavat başqanı İsa Qəmbər, Məclis sədri Arif Hacılı və AXCP sədri ilə görüşlərdə, güya Azərbaycan müxalifətinin xaricdən maliyyələşməsi və bunun müqabilində ölkədə mitinqlər keçirməsi məsələsinin müzakirə olunması, həmin vaxt masada LGBT bayrağının olması barədə məlumat yayıb.
Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı bu məlumatların uydurma və böhtan olduğunu bildirərək, onu yayan media orqanlarının təkzib verməsi və üzr istəməsini tələb edib.
Basta2