İran Rusiyanın arxasından çəkilir
İran Prezidenti Məsud Pezeşkian BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında təəccüb doğuran bəyanatla çıxış edib.
“İran keçmişdə Rusiyanı raketlə təmin etmiş ola bilərdi, lakin mən vəzifəyə gəldiyim gündən (30 iyul 2024-cü il) belə təchizat olmayıb” – deyə Pezeşkian bildirib.
İran prezidentinin sözlərinə görə, rəsmi Tehran “Rusiyanın Ukrayna ərazisinə təcavüzünü heç vaxt bəyənməyib” və bununla bağlı ABŞ-la danışıqlara hazırdır.
Qeyd edək ki, Rusiyanın indiyədək Ukraynaya qarşı müharibədə istifadə etdiyi əsas resurslardan biri İrandan alınan “Şahed” PUA-ları və ballistik raketlər olub. Müşahidəçilərin qənaətinə görə, son vaxtlar cəbhə xəttində Rusiya ordusunun uğursuzluqları İran rəsmilərini ən azı publik açıqlamalarda fərqli mövqe sərgiləməyə vadar edir.
Xatırladaq ki, İran 44 günlük müharibənin əvvəlində Ermənistana hərbi-siyasi dəstək versə də (Rusiyanın hərbi texnika və sursat karvanları Ermənistana İran ərazisindən ötürülürdü), müharibənin son günlərində – Azərbaycanın qələbəsinin artıq labüd olduğu bilindikdən sonra mövqeyini dəyişmişdi.