Müsavat pensiya və müavinətlərin əhalinin uyğunlaşdığı təqvim üzrə ödənilməsini tələb edir
Oktyabrın 21-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
İclasda əvvəlcə görülən işlər müzakirə olunub. Müstəqilliyin Bərpası Günü ilə əlaqədar partiyanın tədbirləri yüksək qiymətləndirilib.
Daha sonra ictimai-siyasi vəziyyət müzakirə olunub.
Son aylar ərzində ölkədə pensiya və müavinətlərin əvvəlki cədvəl üzrə ödənilməməsindən narahatlıq ifadə edilib. Qeyd olunub ki, hökumət strukturları və banklar əhalinin ödənişləri ilə bağlı bir gün belə güzəştə getmir, istənilən yubanmaya görə əlavə faiz və cərimələr tədbiq edir. Müsavat Partiyası pensiya və müavinətlərin əhalinin artıq uyğunlaşdığı təqvim üzrə ödənilməsini, xüsusən maddi sıxıntı içində olan təbəqələrə həssas yanaşılmasını tələb edir.
Divanın toplantısında Moldovada keçirilən prezident seçkiləri və referendum, oktyabrın 26-da Gürcüstan keçiriləcək parlament seçkiləri, Ukrayna cəbhəsində son durum və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.