Sevinc Vaqifqızı Kürdəxanı təcridxanasında qadınların nəfəsinin kəsilməsindən yazdı

 

“Qadınların nəfəsini həm korrupsiya, həm də havasızlıq kəsir”

“Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından ictimaiyyətə məktub ünvanlayıb.

Jurnalist məktubunda təcridxanada qadın məhbusların məruz qaldıqları fiziki və psixoloji zorakılıqlardan, qeyri-insani rəftardan söz açıb.

Mətni olduğu kimi təqdim edirik:

“Azərbaycan rəsmiləri təmiz hava almaq üçün COP29-da ekoloji problemlərin həllindən danışarkən, Bakı İstintaq Təcridxanasında saxlanılan qadınların yeganə nəfəsliyi bağlanılıb.

14 noyabr saat 18:00-da nəzarətçi gəzinti yerinin qapısını bağlayarkən adəti üzrə otağın qapısının nəfəsliyini açmadı.

“Rəisin göstərişidir. Bundan sonra nəfəsliklər bağlı qalacaq” – dedi.

Kamera deyilən otağın iki qapısı var. Səhər saat 10-da gəzinti yerinin qapısı açılır və axşam 6-ya qədər təcridxanada saxlanılan şəxslər hava üzü görürlər. Otaqda yalnız bir pəncərə açılır və havalandırma sistemi yoxdur. Hava axını kamera qapısının nəfəsliyi açıq qalanda dövr edə bilir. Amma noyabrın 14-də o nəfəslik də qapandı. Qapılar yavaş-yavaş döyülməyə başladı. Kameraların birində hamilə qadın, o birində azyaşlı uşağı ilə saxlanılan, üzbəüz kamerada ürəyində stend olan, öz otağımda isə epilepsiya xəstəsi və klaustrafobiyadan əziyyət çəkən qadınlar var.

Nəzarətçiyə şikayətləndik ki, nəfəs ala bilmirik. Amma o, rəisin tapşırığı olduğunu, heç nə edə bilməyəcəyini dedi.

Kamera yoldaşım Günel Cabbarova qapımıza yaxınlaşan rəis müavini Arif adlı şəxsə nəfəs ala bilmədiyini dedi və nəfəsliyi açmasını istədi. Amma o, nəfəsliyi açmayacağını dedi.

“Özümü doğrayacağam, arxasında duracaqsan?” sözünə isə “Özünü doğra. Arxasında duracağam” deyə cavab verdi.

Günel Cabbarova deyir ki, əlinə xəsarət yetirib. Otaq yoldaşları üstünə düşüb kəsici aləti əlindən alıblar.

“Rəis müavini Arif daha sonra məni psixoloqun otağına çağırıb təhqir etdi. O, başımı şkafa vurub partladacağını deyərək üstümə şığıdı. Rejim rəisi Vahid müəllim və psixoloq Təranə Quliyeva onu otaqdan çıxardı. Mən burada həyatımın təhlükəsizlikdə olduğunu hiss etmirəm. Həmin gecə yata bilməmişəm. Qıcolmam tutub” – deyə o bildirdi.

Otaq yoldaşlarımı qəbul edən rejim rəisi Vahid adlı şəxs əlində dubinka yellədə-yellədə, stolunun üstündə də qandal olmaqla onlara psixoloji təzyiq edib.

Nəfəsliyin bağlanmasına etiraz edən qadınlardan birinin əli qandallanıb və bu şəkildə rəis müavini Ceyhun Hacıyevin qəbuluna aparılıb.

14 noyabr saat 20:30-da qadın korpusunun bütün qapıları döyülürdü. 170 nəfər qadın rəis Elnur İsmayılovun bu göstərişinə etiraz edirdilər.

Kişi korpusunun əməkdaşları qadın korpusuna göndərildi. Təkidlərdən sonra nəfəsliklər açıldı.

Növbəti gün səhər sayımını rəis müavini Əhəd Abdiyev və digər rütbəlilər etdilər. Onlar şikayətlərimizi öyrənib getdilər. Amma yenə də nəfəsliklər qapı bağlanan kimi yox, saat yarım sonra açılır.

Məhkumlar yenə də hava çatışmazlığından şikayətlənib nəfəsliyin daha da açılmasını istəyirlər. Amma nəzarətçilər rəisin zəngini gözləyirlər.

Nərgiz Absalamova nəfəsliyinin bağlanmasına etiraz edərkən baş nəzarətçi Əzizə Məmmədova nəfəsliyi çəkib və onun əli zədələnib. Nərgizin əlində hələ də qançır izləri qalır.

Nəfəslik bağlanmasın deyə irəli atdığım sağ qolumda və barmaqlarımda qançır izləri var. Hər ikimiz həkimə müraciət etmişik və xəsarətlər qeydə alınıb.

Bütün baş verənlərdən sonra qadınların şikayətini həll etmək əvəzinə, rəis Elnur İsmayılov Nərgiz Absalamovanın, Elnarə Qasımovanın və mənim otağımın qapısının üstünə kamera yerləşdirib.

Qeyd etmək istəyirəm ki, bizim otaqlarda qanunsuz işlər görülmür. Elnur İsmayılov qadın korpusundakı problemləri öyrənmək istəyirsə, tövsiyə edərdim ki, bizim qapılarımıza qoyduğu kameraları götürüb əməkdaşı, psixoloq mayor Təranə Quliyevanın otağına yerləşdirsin. O zaman görünəcək ki, bu otaqda bütün qadınlardan rüşvət alınır. Qadınların nəfəsini həm korrupsiya, həm də havasızlıq kəsir”.

Sevinc Vaqifqızı, Bakı İstintaq Təcridxanası

AbzasMedia