Müsavat Rusiyaya uçuşları dayandırmağa çağırır

Müsavat Partiyasının bəyanatı

Bakı-Qroznı marşrutu ilə hərəkət edən Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Rusiya silahlı qüvvələri tərəfindən vurulduqdan sonra Qazaxstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması 38 nəfərin faciəli şəkildə həlak olmasına, onlarla şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində qeydə alınan video və foto görüntülər, şahidlərin verdiyi açıqlamalar, xüsusilə də hava gəmisi hələ səmada olarkən iki sərnişinin qəlpələrdən yaralanması faktı birmənalı şəkildə təyyarənin uçuş qabiliyyətini təsadüfən itirmədiyini, Rusiya ərazisində olarkən Hava Hücumundan Müdafiə sistemi tərəfindən hücuma məruz qaldığını göstərir.

Faciənin baş verdiyi saatlarda Çeçenistan rəsmiləri Qroznıya Ukrayna PUA-larının hücumu faktını təsdiqləyərək, onları məhv etdiklərini bildiriblər. Lakin həmin əməliyyat çərçivəsində Rusiya tərəfi öz hava məkanını mülki təyyarələr üçün bağlamalı olsa da, bu edilməyib. Alınan məlumatlar göstərir ki, Rusiyanın Hava Hücümundan Müdafiə qüvvələri dronlarla yanaşı, səhvən Azərbaycanın sərnişin təyyarəsinə də raketlə atəş açıblar.

Rusiya dövləti hər bir halda, onun ərazisində hərəkət edən sərnişin təyyarəsinin hücuma məruz qalmasına görə məsuliyyət daşıyır. Dəhşətli haldır ki, Azərbaycanın təyyarəsi hücuma məruz qaldıqdan sonra Rusiyanın Qroznı, Mineralnıye Vodı və Mahaçqala şəhərlərində məcburi enişinə icazə verilməyib. Üstəlik, Rusiya hərbçilərinin dronları
zərərərsizləşdirmək üçün elektron mübarizə sistemlərindən istifadə etməsi nəticəsində Azərbaycan təyyarəsi uzun müddət tamamilə rabitəsiz qalıb.

Müsavat Partiyası Rusiya hakimiyyətindən baş vermiş faciəyə görə Azərbaycan xalqından üzr istəməsini, bütün təqsirkarların məsuliyyətə cəlb olunmasını, həlak olan şəxslərin ailə üzvlərinə və xəsarət alanlara təzminat ödəməsini tələb edir. Putin rejimi Ukrayna və Rusiya xalqlarının kütləvi qırğınına səbəb olan, digər xalqların da böyük itkilərinə gətirib çıxaran işğalçı müharibəyə son qoymalıdır.

Azərbaycan hakimiyyəti ayrı ayrı deputatların, media orqanlarının və siyasi qurumların vasitəsilə Rusiyadan etiraf və üzrxahlıq gözlədiyini ifadə etsə də, hələlik rəsmi şəkildə bunu tələb etmir. Müsavat Partiyası hakimiyyəti bu məsələdə daha prinsipial olmağa çağırır.

Müsavat Partiyası hesab edir ki, hadisənin obyektiv araşdırılması üçün müstəqil ekspertlərdən ibarət beynəlxalq komissiya yaradılmalıdır.

Müsavat Partiyası vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə Rusiyaya təyyarə ilə sərnişin reyslərinin dayandırmağa çağırır.

Müsavat Partiyası bu faciə nəticəsində həlak olanların ailə üzvləri və yaxınlarına bir daha başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını diləyir.