Rəsmi Bakı Rusiyanın üzr istəyəcəyini gözləyir – Caliber.az

İstintaqın ilkin nəticələri AZAL təyyarəsinin Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu göstərir. Bu haqda ölkə başçısı İlham Əliyevin köməkçisi Hikmət Hacıyevlə bağlı olduğu bildirilən Caliber.az saytı məlumat yayıb.

Caliber.Az-ın redaksiyasının etibarlı hökumət mənbələrindən əldə etdiyi məlumata görə, araşdırmanın ilkin nəticələrinə əsasən, müəyyən edilib ki, Bakı-Qroznı marşrutu ilə hərəkət edən AZAL təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiya hərbçiləri tərəfindən hücuma məruz qalıb. Atəşin konkret olaraq Pantsir-S sistemindən açıldığı bildirilir. Üstəlik, Rusiya tərəfinin elektron mübarizə sistemlərindən istifadə etməsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic vəziyyətə düşüb. Məhz bu vəziyyətlə əlaqədar olaraq təyyarə Rusiya aviasiya məkanında radarlardan itib, yalnız Xəzər dənizi akvatoriyasında rabitə bərpa edilib.

Qeyd edək ki, Rusiya mənbələrinin məlumatına görə, Çeçenistan ərazisi üzərində uçuş zamanı Rusiyanın hava hücumundan müdafiəsi Ukrayna PUA-larını vurmağa cəhd edib. Belə ki, Çeçenistan Respublikasının Təhlükəsizlik Şurasının rəhbəri Həmzət Kadırov dekabrın 25-i səhər Qroznıda pilotsuz təyyarə hücumu faktını təsdiqləyərək, itki və dağıntıların olmadığını qeyd edib. Bu halda Rusiya tərəfi öz hava məkanını mülki təyyarələr üçün bağlamalı idi, lakin bunu edilməyib. Çeçenistan üzərində uçuşa qadağa zonası elan edilməməsinin səbəbi böyük sual doğurur.

Bildiyiniz kimi, Qroznı hava limanı təyyarənin enişinə icazə verməyib. Üstəlik, təyarənin Mahaçqala və Mineralnıye Vodı hava limanlarına enişinə icazəsi verilməyib. Hava hücumundan müdafiə atəşinə və elektron döyüş sistemlərinin təsirinə məruz qalan təyyarənin rabitəni itirmiş ekipajı Qazaxıstanın Aktau şəhərinə yönləndirilib. Bu tövsiyənin bir məqsədlə verildiyini güman etmək olar: təyyarənin Xəzər dənizinə düşməsi ilə bütün şahidlər öləcək, təyyarə isə batacaq. Bununla belə, qeyd edirik ki, bu, bizim fərziyyəmizdir. Rusiya mediasında yayılan alternativ versiyalar ictimai rəyi çaşdırmaq məqsədi ilə qəsdən yayılır və saxtadır.

Təyyarənin içindən olan videogörüntülərdə iki sərnişinin qəlpələrdən yaralandığı görünür. Gəmidə eşidilən partlayışlarla bağlı ifadələr də daxil olmaqla, bütün ifadələr hava hücumundan müdafiə sisteminin fəaliyyətinə işarə edir.

Araşdırmada iştirak edən Azərbaycan tərəfi üçün vəziyyət tamamilə göz qabağındadır. Heç kim bunun qəsdən edildiyini iddia etmir. Bununla belə, Bakı müəyyən edilmiş faktları nəzərə alaraq, Rusiya tərəfinin Azərbaycan təyyarəsinin vurulduğunu etiraf edəcəyini, Azərbaycan xalqından rəsmi üzr istəyəcəyini və hərtərəfli araşdırma aparacağını və bunun nəticəsində bütün məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilib cəzalandırılacağını gözləyir.

Caliber.Az