Azərbaycan hakimiyyəti ilk dəfə olaraq “AZAL”-ın təyyarəsinin Rusiyada silahlı hücuma məruz qaldığını açıqladı

“Zərərçəkən sərnişinlər və sağ qalan təyyarə bələdçiləri bildiriblər ki, Qroznı üzərində olarkən partlayış səsi eşidiblər. Hətta təyyarə bələdçisinin birinin qolu yaralanıb. Həmçinin sosial şəbəkələrdən və mətbuatın yaydığı görüntüdən də görmək olur ki, bir xanım qolundan və ayağından xəsarət alıb”.

APA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

“Bundan başqa, təyyarənin qanadında deşik izlərini görmək olar. Təyyarənin daxilində füzelyajda müxtəlif kəsici, yaxud da hansısa kənar cismin dəyməsi nəticəsində müxtəlif zədələri müşahidə etmək olur. Rusiya vətəndaşları olan zərərçəkənlər də bildiriblər ki, Qroznı üzərində 3 dəfə partlayış səsi eşidiblər. Onların dediyinə görə, partlayış səsləri kənardan gəlib, daha sonra təyyarəyə nəsə toxunub” -deyə, nazir vurğulayıb.

Onun sözlərinə görə, qəzanın ilk anından mətbuatda təyyarəyə quşların çırpıldığı yazılırdı. Amma mütəxəssislərin gəldiyi ilkin qənaət odur ki, yerdə olan təyyarə qalıqları və şahid ifadələri deməyə əsas verir ki, burada kənar müdaxilə olub. Ancaq kənar müdaxilənin hansı növ silahdan olduğunu istintaq müəyyənləşdirəcək. Bununla yanaşı, təyyarənin uçma trayektoriyasına baxılsa, onun uçuş istiqamətini Mahaçqala üzərindən Aktauya doğru götürdüyü aydın olur. Artıq burada təyyarəyə enişə icazənin verilib-verilməməsi istintaqın nəticəsinə görə müəyyən olunacaq. Bundan başqa, pilotun qəza enişini hansı məqsədlə etdiyini də istintaq müəyyən edəcək. GPS-in söndürülməsi ilə bağlı məsələ isə dəlillər ortaya qoyulduqdan sonra aydın olacaq”.

Nazir, həmçinin qeyd edib: “İstər yerli, istərsə də beynəlxalq mütəxəssislərin gəldiyi qənaət bundan ibarətdir ki, təyyarənin ekipajı qəhrəmanlıq göstərərək ən optimal eniş edib. Bunun nəticəsində də daha çox insanın xilas edilməsi mümkün olub.

Azərbaycan öz hüququndan istifadə edərək beynəlxalq məsləhətçiləri də prosesə cəlb edib. Artıq onlarla təmaslarımız var”.

R.Nəbiyev əlavə edib ki, “Embraer” şirkətinin iki mütəxəssisi hadisə yerindədir, araşdırma qrupuna cəlb edilib. Eyni zamanda, Braziliyanın mütəxəssisləri də sabah hadisə yerində olacaqlar.

“Qazaxıstan rəsmilərinin verdiyi açıqlamaya baxsaq, təyyarədə oksigen balonunun partlaması iddiasının Rostovda olan dispetçer tərəfindən irəli sürüldüyünə istinad edirlər. Hesab edirik ki, ilk növbədə, bu məlumatın düzgünlüyünü yoxlamaq lazımdır. Bu, maraqlı tərəfdən verilən məlumatdır. Bunu təkzib edən faktlarla bağlı da qeyd etdim ki, partlayış səsləri kənardan gəlib”, – deyə nazir vurğulayıb.