İlahiyyatçı Sərdar Babayev karserə salınıb

Şiə ilahiyyatçı Sərdar Babayev cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra karserə salınıb, bu barədə onun vəkili Elçin Sadıqov bildirib.

O, fevralın 12-də Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində Babayevə baş çəkib. Babayev yanvarın 25-də Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməkdən imtina etdikdən və ittiham hökmü qüvvəyə mindikdən sonra İstintaq Təcridxanasından cəzaçəkmə müəssisəsinə köçürülüb.

Sərdar Babayev cəzaçəkmə müəssisəsinə gəldikdən dərhal sonra nizam-intizamın pozulması haqqında akt tərtib edilərək, cəza kamerasına salınıb. Sərdar Babayev aktı imzalamaqdan, öz əleyhinə hər hansı ifadə verməkdən imtina edib və indiyədək karserdə saxlanılır, deyə Sadıqov bildirib.

Babayev vəkilə deyib ki, cəzaçəkmə müəssisəsinin yüksək rütbəli məmurlarından biri onun karserə salınması haqqında qərarın “yuxarıdan” gəldiyini və onun qapalı Qobustan həbsxanasına göndərilməsi üçün zəmin hazırlandığını bildirib.

Vəkil qeyd edib ki, Penitensiar Xidmətin və 7 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə Babayevə intizam cəzası verilməsinin rəsmi səbəblərinin izah edilməsi xahişi ilə rəsmi müraciətlər göndərib.

Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Elşən Həsənov Babayevin xəta törətdiyinə inanmır. “Yenicə cəzaçəkmə müəssisəsinə gələn insan nizam-intizamı pozmaz. Sərdar Babayevi tanıyıram, o, nalayiq hərəkət edə biləcək bir insan deyil”, deyə Həsənov bildirib.

O, qeyd edib ki, Azərbaycanda artıq ilahiyyatçıların, dini fəalların cəzalandırılması rejiminin sərtləşdirildiyi hallar olub. Vaxtilə İslam Partiyasının lideri Mövsüm Səmədov, “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadə, onun müavini Abbas Hüseynov Qobustan həbsxanasına göndəriliblər və həbs cəzalarının bir hissəsini orada çəkiblər.

Din xadimlərinin Qobustan həbsxanasına salınması onların digər məhbuslarla ünsiyyətdən və onlara təsir imkanından məhrum edilməsi üçün onların tam təcrid olunması məqsədinə xidmət edir.

* Babayev 2021-ci ilin payızında Azərbaycan-İran münasibətlərinin pisləşməsi fonunda saxlanılıb və iki il sonra İranın xeyrinə casusluq ittihamı ilə 17 il müddətinə həbs edilib.

3 iyul 2017-ci il tarixində məhkəmə onu dini tədbirlərin keçirilməsi tələblərini pozmaqda (Azərbaycan CM-in 168-1.3-cü maddəsi) təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrum edib.

1 fevral 2024-cü il tarixində AİHM bu iş üzrə Babayevin hüquqlarının pozulduğunu təsdiq edib və ona mənəvi ziyan üçün 6000 avro və məhkəmə xərcləri üçün 2500 avro təzminat ödənilməsi barədə qərar verib.

Turan