Saxta bələdiyyə seçkiləri ilə bağlı Müsavatın RƏYİ
29 yanvar 2025-ci il tarixdə Azərbaycanda keçirilən bələdiyyə seçkiləri ilə bağlı Müsavat Partiyası Mərkəzi Seçki Qərargahının
İLKİN RƏYİ
Yanvarın 29-da Azərbaycanda keçirilən bələdiyyə seçkiləri azad və ədalətli olmayıb,əhalinin iradəsini ifadə etməyib. Seçkilərin keçirilməsi tarixi heç bir hüquqi izahat verilmədən bir aydan artıq gecikdirilib. Seçkilər bu dəfə də ölkədə seçkiqabağı demokratik mühitin olmadığı, əksinə repressiyaların daha da gücləndiyi, demokratik qanunvericilik bazasının, bərabərhüquqlu siyasi rəqabət imkanlarının təmin edilmədiyi şəraitdə keçirilib. Seçki ərəfəsində ölkədə sərbəst toplaşma hüququ, söz və ifadə azadlığı təmin edilməyib. Müxalifətdə olan siyasi partiyalara, müstəqil ictimai təşkilatlara, jurnalistlərə, hakimiyyətin siyasətini tənqid edən sosial media istifadəçilərinə qarşı təzyiq və təqiblər davam edib. Siyasi məhbuslar azadlığa buraxılmayıb, əksinə onların sayı daha da artıb.
Bütün seçki komissiyaları və oradakı vəzifələr həlledici səs çoxluğu ilə hakimiyyətin nəzarəti altında qalıb.
Bütün bunlar, eləcə də bələdiyyələrin öz təyinatı üzrə fəaliyyətinə imkan verilməməsi, bu qurumların faktiki olaraq yerli icra hakimiyyətlərinin əlavəsinə çevrilməsiəhalinin seçkilərə etimadının qırılmasına, seçicilərin mütləq əksəriyyətinin bələdiyyə seçkilərində iştirak etməməsinə gətirib çıxarıb.
Seçici fəallığı tarixi minimuma enib, seçki məntəqələrinin əksəriyyətində seçicilərin iştirak faizi 5 faizdən aşağı olub. MSK və DSK-ların seçici aktivliyi barədə məlumatları dəfələrlə şişirdilib.
Eyni seçicilərin müxtəlif məntəqələrdə səs verməsi, “karusel” əməliyyatı və qutulara topa bülleten atılması kütləvi hal alıb. Sosial şəbəkələrdə seçki saxtakarlığını əks etdirən çoxsaylı videolar yayılıb.
Seçki pozuntularını qeydə alan Müsavat Partiyasının müşahidəçiləri, xüsusilə seçki məntəqələrində çəkiliş aparan jurnalistlər təzyiqlərlə üzləşib.
Müsavat Partiyasının rayon təşkilatları tərəfindən namizədliyi irəli sürülən 30-a yaxın namizədin heç birinə səsvermənin yekunlarına dair protokol təqdim edilməyib. Karbonlaşdırılmış protokollar seçki məntəqələrindən asılmayıb. Seçki məntəqələrinin əksəriyyətində səsvermənin yekunlarına dair protokollar ümumiyyətlə tərtib edilməyib.
Məntəqə seçki komissiyalarının sədrləri Seçki Məcəlləsinin seçicilərin səslərinin hesablanmasının birbaşa seçkilərə yekun vurulanadək fasiləsiz aparılması barədə 106.5. madəsini kobud surətdə pozaraq qeyri-müəyyən müddətə fasilə elan edib, səslərin sabah sayılacağını və bundan sonra protokolların yazılacağını bildirərək müşahidəçilərin məntəqələrdən çıxmasını tələb edib.Seçki məntəqələrinin əksəriyyətində səsvermənin nəticələri ümumiyyətlə sayılmayıb, seçki bülletenləri kisələrə doldurularaq Dairə Seçki Komissiyasına və ya İcra Hakimiyyətinə aparılıb. Seçkilərin ilkin nəticələri seçki qutularında olan bülletenlərin sayılması yolu ilə deyil, yuxarıdan diqtə edilmiş uydurma rəqəmlərə uyğun olaraq elan olunub.
NƏTİCƏ
Yanvarın 29-da Azərbaycanda keçirilən bələdiyyə seçkiləri beynəlxalq standartlara, hakimiyyətin Azərbaycan dövlətinin üzv olduğu beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərə cavab verməyib – seçkilər azad və ədalətli olmayıb,əhalinin iradəsini ifadə etməyib.
Müsavat Partiyası 29 yanvar 2025-ci il tarixli bələdiyyə seçkiləri nəicələrinin ləğv edilməsini, ölkədə hüquqi dövlət, demokratik cəmiyyətin qurulmasını təmin edəcək islahatların, o cümlədən seçki islahatlarının aparılmasını, yeni seçkilərin keçirilməsini tələb edir.
30 yanvar 2025-ci il