Ermənilərin Yerkrapah təşkilatı nədir?

Azərbaycan-Ermənistan sərhədində fevralın 13-də baş vermiş ölümcül atışmadan sonra Yerkrapah qrupu diqqət mərkəzinə gəlib. Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın hücumu nəticəsində həlak olanların bu qrupun üzvləri olduğunu bildirib.

Bəs Yerkrapah Könüllülər İttifaqı (YeKİ ) nədir və Ermənistan Müdafiə Nazirliyinə bağlılığı nədir?

1. Yerkapah Ermənistan ordusuna aiddirmi?

Ermənistan  Yerkrapah
Könüllülər növbətçiliyə yollanmağa hazırlaşır

Yerkrapahı yaradan Ermənistanın keçmiş müdafiə nazirlərindən biri olub və təşkilat hər zaman hansısa şəkildə orduya bağlı olub.

Hazırda Yerkrapahın 10 mindən çox üzvü olduğu bildirilir – onların əksəriyyəti Birinci Qarabağ müharibəsi veteranlarıdır.

Əvvəllər təşkilata Qarabağ müharibəsinin iştirakçıları üzv ola bilərdilər, lakin sonradan müharibədə iştirak etməyən vətəndaşlar da ictimai quruma qoşulmağa başladılar.

Yerkrapah Ermənistan ordusunun ehtiyat hissəsi rolunu daşıyır. Təşkilat 2016-cı il aprel döyüşləri, eləcə də İkinci Qarabağ müharibəsi zamanı cəbhə xəttinə minlərlə silahlı könüllü göndərmişdi.

Yerkrapah İttifaqı müntəzəm olaraq, sərhəd bölgələrində qısamüddətli döyüş növbətçiliyi üçün könüllü dəstələri göndərir.

Yerkrapah mütəmadi rejimdə Ermənistan-Azərbaycan sərhədi boyunca “müdafiə xəttində”dir, bu ilin əvvəlində jurnalistlərlə görüşü zamanı təşkilatın sədri Sasun Mikayelyan deyib.

Onun sözlərinə görə, 2020-ci ildə növbətçilikdə 1200 YeKİ üzvü iştirak edibsə, 2022-ci ildə onların sayı 1700 olub, keçən il isə eyni vaxtda 8000 Yerkrapah könüllüləri birlikdə döyüş növbətçiliyində iştirak ediblər.

2. Yerkrapahı kim yaradıb?

Yerkrapah Könüllülər Birliyini (ermənicə “Yurdun qoruyucuları” deməkdir) keçmiş Müdafiə naziri Vazgen Sarkisyan yaratmışdı. Birlik Birinci Qarabağ müharibəsində Azərbaycana qarşı vuruşmuş minlərlə müharibə veteranını özündə birləşdirirdi.

Vazgen Sarkisyan 1990-1992-ci illərdə Birinci Qarabağ müharibəsində könüllü dəstələrdən birinin komandiri olub.

Ermənistan ordusunun rəhbərliyi hər zaman Yerkrapah Könüllülər Birliyini dəstəkləyib. 2016-cı ilin aprel döyüşləri zamanı minlərlə Yerkrapah könüllüsünün Qarabağa göndərilməsinə dair məlumatlar yayılmışdı.

Bəzi iddialara görə, yekrapahçılar Rusiya ilə əlaqəsi olan könüllülərdir. Ancaq təşkilatın hazırkı sədri Sasun Mikaelyan Moskva ilə əlaqələri o qədər də isti olmayan Baş nazir Paşinyanın yaxın adamı olub.

Ümumiyyətlə, Yerkrapahın liderləri hər zaman Ermənistan rəhbərliyinə yaxın adamlar olub.

Yerkrapah Könüllülər İttifaqı müxtəlif illərdə siyasi repressiyada, etiraz aksiyalarının iştirakçılarına qarşı zorakılıqda, iqtidar üçün seçki saxtakarlığında, qanunsuz silah və hərbi sursat, eləcə də ordu üçün nəzərdə tutulan ərzağı mənimsəməkdə ittiham ediblər.

3. Sasun Mikaelyan kimdir?

Paşinyan Yerkrapah
Yerkapahın lideri Paşinyanın yaxın silahdaşıdır.

2019-cu ildə Yerkrapah Birliyinin qurultayı keçirilir. Üzvlər 1-ci Qarabağ müharibəsində vuruşmuş Sasun Mikaelyanı lider seçirlər.

65 yaşlı Mikaelyan əvvəllər hakim Vətəndaş Müqaviləsi Partiyasının İdarə Heyətinin sədri sədri olub və hazırkı Baş nazir Nikol Paşinyanın yaxın silahdaşı sayılırdı.

Paşinyanı liderliyə gətirən məxməri inqilabda Mikaelyan da yaxından rol oynayıb. O, Serj Sarkisyanı devirən ən fəal etirazçılardan biri idi.

Mikaelyandan öncəki sədr Manvel Qriqoryan isə, əvvəlki Prezident Serj Sarkisyanın yaxın adamı idi.

4. Manvel Qriqoryan kim idi?

Serj Sarkisyandan öncə Manvel Qriqoryan yüksək vəzifədə olanda Levon Ter-Petrosyanı dəstəkləyib.

Yerkrapahın ilk lideri Vazgen Sarkisyan 1999-cu ildə Ermənistan parlamentinə hücum zamanı qətlə yetirildikdən sonra, Qriqoryan təşkilatın lideri seçilmişdi.

Ancaq əvvəlki liderini itirdikdən sonra Yerkrapah nüfuzunu da itiriridi. Qriqoryanın Yerkapaha yolu Ermənistan Müdafiə Nazirliyindən keçmişdi – o, nazir müavini idi, ancaq 2008-ci il seçkilərində Levon Ter-Petrosyanı dəstəklədiyi üçün vəzifədən azad olumuşdu.

Sonradan o, Serj Sarkisyanı dəstəklədiyini elan edir və Sarkisyanın 2013-cü il seçkilərində qalib gəlməsinə yardım edir. Ancaq bir neçə il sonra Qriqoryan korrupsiya ittihamları ilə həbs olunur və Yerkrapah liderliyini tərk etməli olur.

Ona verilən ittihamlar arasında qeyri-qanuni silah və hərbi sursat saxlamaq, külli miqdarda dövlət əmlakının mənimsənilməsinin və oğurlanmasının təşkili, dövlət vəsaitlərinin israfı, vergidən yayınma da var idi.

5. Yerkrapah haradan maliyyələşir?

Ermənistan,  Yerkrapah, Azərbaycan, Qarabağ, münaqişə, müharibə, siyasət
Yerkrapah Könüllülər Birliyinin qərargahı

Yerkrapah Könüllülər İttifaqını müxtəlif illərdə siyasi repressiyada, etiraz aksiyalarının iştirakçılarına qarşı zorakılıqda, iqtidar üçün seçki saxtakarlığında, qanunsuz silah və hərbi sursat, eləcə də ordu üçün nəzərdə tutulan ərzağı mənimsəməkdə ittiham ediblər.

Yerkrapah könüllülərinin sərhəd bölgəsində döyüş növbətçiliyi Silahlı Qüvvələrinin rəhbərliyi ilə razılaşdırılır və tənzimlənir.

Yerkrapah Könüllülər Birliyi Ermənistan hökuməti tərəfindən maliyyələşdirilir. Ancaq dövlət büdcəsində Yerkrapah üçün ayrıca bənd nəzərdə tutulmur. Bu barədə qurumun saytında da məlumat yoxdur.

Lakin yerli mediada müxtəlif illərdə Yerkrapah tərəfindən həyata keçirilən layihələr üçün dövlətin Ehtiyat Fondundan vəsait ayrıldığı haqqında məlumatlara rast gəlinir.

2014-cü il may ayında Ermənistan hökuməti Yerkrapahın “Gənc Yerkrapah” klubu üçün “taktiki, atəş və təlim prosesinin mütəmadi təşkili məqsədilə” dövlət büdcəsindən 60 milyon dram (təxminən 145 min dollar) ayrıldığını bildirib.

Həmin ilin fevral ayında hökumət qərarı ilə Yerkrapah təşkilatına 50 milyon dram (122 min dollar) ayrılıb.

Gənclərin hərbi təlim düşərgəsi üçün 2019-cu ilin iyulunda 2,2 milyon dram (5 min dollar) ayrılıb. O zaman müdafiə naziri David Tonoyan bəyan etmişdi ki, “indən belə Yerkrapah üçün vəsait məqsədyönlü şəkildə ayrılacaq”.

Sərhəddə döyüş növbətçiliyi zamanı Yerkrapah üzvləri hərbi təlimdə iştirak edən ehtiyatda olan hərbçilər kimi təchiz olunur və bu müddət ərzində onların iş yerlərində əmək haqqı qorunur.

“Bu gün Yerkrapah Könüllülər Birliyi, həmçinin gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi və Ermənistan ordusu üçün gələcək kadrların hazırlanması ilə məşğul olur, həlak olanların ailələrinə dəstək və yardım göstərir”, təşkilat bəyan edir.

Hər il Ermənistan, Qarabağ və xarici erməni diasporundan olan uşaq və gənclər “Gənc Yerkrapah” klubunun yay təlim-məşq düşərgəsində dincəlirlər, təşkilat məlumat verir.

Təşkilatın yaradılması günü 2001-ci ildən bəri mayın 8-də qeyd olunur. Bu, 1992-ci ildə erməni qüvvələrinin həmin günlər Şuşanı ələ keçirilməsi ilə bağlıdır və Ermənistanda “Şuşanın azad edilməsi günü” adlanır.

Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Şuşanı işğaldan azad edib və indi ölkədə Şuşanın azad edildiyi gün – 8 noyabr Zəfər günü kimi qeyd olunur.

BBC