Müsavat Divanının gündəliyi

 

Fevralın 24-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.  İclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib.

Daha sonra ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub.

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun məhkəməsi barədə məlumat dinlənilib. Dövlət ittihamçısının əsassız olaraq Tofiq Yaqubluya 10 həbs cəzası istəməsi pislənilib.

Jurnalist Nurlan Qəhrəmanlının (Libre) həbsi Azərbaycanda repressiyaların davamı kimi qiymətləndirilib. Siyasi motivlərlə şərlənərək həbs edilən bütün şəxslərin azad olunması bir daha tələb edilib.

“Turan” informasiya agentliyinin fəaliyyətinin dayandırılması, BBC-nin Bakıdakı nümayəndəliyinin bağlanması, “Amerikanın səsi”nin isə akreditasiyasının ləğv edilməsi Azərbaycan hakimiyyətinin ölkədə söz və media azadlığına qarşı basqılarının nəticəsi kimi qiymətləndirilib.

Fevralın 26-da erməni-rus hərbi birləşmələrinin törətdiyi Xocalı soyqırımının 33-cü ildönümü tamam olur. Azərbaycan öz müstəqilliyini və ərazi bütövlüyünü təmin etsə də, 25 dekabr 2024-cü il tarixdə Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Qroznı üzərində vurulması və sonradan rəsmi Moskva tərəfindən bu cinayətin etiraf edilməməsi dövlətimizə qarşı təhlükələrin bir qayda olaraq Rusiyadan qaynaqlandığını göstərir. Müsavat Partiyası bu təhlükələrin və son dövrdə fəallaşan Rusiyayönümlü şəbəkənin qarşısını almaq üçün hakimiyyəti ardıcıl, qətiyyətli və prinsipial mövqe tutmağa çağırır.

Xocalı soyqırımının ildönümü ilə əlaqədar fevralın 26-sı saat 14:00-da Bakıdakı “Ana Harayı” abidəsinin ziyarət edilməsi qərara alınıb.

Müsavat Divanı İctimai Televiziyadan ölkə qanunvericiliyə əsasən partiyaya həftədə 3 dəfə 30 dəqiqə vaxt ayrılmasını istəyir. Bununla əlaqədar İctimai TV-nin rəhbərliyinə rəsmi müraciət göndərilməsi qərara alınıb.

İclasda regionda və dünyada baş verən proseslər barədə fikir mübadiləsi aparılıb. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə start verməsindən üç il ötdü. Qeyd edilib ki, Müsavat Partiyası, prosesin bütün mərhələlərində olduğu kimi, indiki mürəkkəb və ziddiyyətli mərhələdə də Ukrayna xalqının yanındadır və bu münaqişənin müstəsna olaraq Ukraynanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini zəruri sayır.

Sonda cari məsələlər müzakirə olunub.