Britaniya və Fransa səfirləri BBC-nin Bakı ofisinin bağlanmasına reaksiya veriblər
Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old BBC-nin Bakıdakı ofisinin bağlanması ilə bağlı təəssüfünü ifadə edib.
“30 ildən artıq xidmətdən sonra BBC Azərbaycanca ofisinin bağlanması təkcə onların hər həftə artan 1 milyon nəfərlik auditoriyası üçün kədərli bir gün deyil. Müstəqil və peşəkar media cəhalət və dezinformasiyaya qarşı əsas müdafiə vasitəsidir”, Britaniya səfiri “X” səhifəsində yazıb.
BBC News fevralın 20-də yaydığı bəyanatında deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyindən şifahi göstəriş aldıqdan sonra ölkədə ofisini bağlamaqla bağlı “könülsüz qərar” qəbul edib. BBC sözçüsü “mətbuat azadlığına qarşı bu məhdudlaşdırıcı addımdan dərin təəssüf hissi” keçirdiklərini əlavə edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə isə məsələnin “siyasiləşdirilməsini” və mətbuat azadlığı ilə bağlı tənqidi “qəbuledilməz” adlandırıb. Hacızadə BBC-nin Azərbaycanda nümayəndəlik qismində fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığını və bunun BBC-nin nümayəndələrinə rəsmi şəkildə çatdırıldığını deyib.
***
BBC və “Sputnik”in Bakıdakı nümayəndəlikləri ləğv edildi
BBC və “Rossiya Segodnya”nın (“Sputnik-Azərbaycan”) nümayəndəlikləri ləğv edilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
XİN rəsmisinin sözlərinə görə, onlar yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilərlər.
Eyni zamanda, Ayxan Hacızadə qeyd edib ki, “Amerikanın Səsi” radiosunun müxbir akkreditasiyası ləğv edilib.