Yasamalda evi uçurdulan şəxs: “Melissa Park” məhkəmə qərarını heçə saydı”

“Mən 35 ildir, bu ünvanda yaşayıram. Evimizin çıxarış sənədi var. “Melissa Park” şirkəti ilə heç bir razılığımız olmayıb. Qonşularımız ilə danışıblar, onlara söküntüyə görə istədikləri qədər ödəniş ediblər. Bizə də müraciət edəcəklərini gözləmişik, lakin heç bir danışıq olmayıb”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkətin qanunsuz dağıtdığı evin sahibəsi Elarə Hacıyeva deyib.

O, fikirlərinə belə davam edib:

“2024-cü il dekabrın 24-də üzərində oğlumun – yəni ev sahibinin adı, içində isə Məlahət Hacıyevanın adı qeyd edilmiş bildiriş məktubu almışıq. Orada bizim evə 173 min manat qiymət, evi boşaltmağımız üçün də 10 gün vaxt verilib. Oğlum həmin gün məktubu təkzib edərək geri göndərib və şirkət nümayəndəsi Tural Vəliyevlə danışıb. O da oğluma bildirib ki, bu, formal məktubdur, alınan bütün evlərin sahiblərinə göndərilib, danışıqlar davam edəcək”.

E.Hacıyeva vurğulayıb ki, problemlər bundan sonra başlayıb:

“Həmin gündən evin hər yanında ağır texnika ilə işləyir, evə təzyiq göstərirlər. 3 yaşında nəvəm stolun altında yaşayır. Evdə 5-6 ballıq zəlzələ hiss edirik. Hər ailə üzvümüz evdə zəlzələ çantası saxlayır”.

O deyib ki, dünən saat 17:30-da üzündə maska olan şəxs evin yaxınlığında ekskavator saxlayıb:

“Adam maska geyinmişdi. Oğluma tapşırdım ki, nəvəmi evdən çıxarsın. Biz dörd qadın və oğlum gecəni yatmadıq. Gecə saat 4-də işığımızı kəsdilər. Həyətə çıxıb baxdıq ki, kanalizasiya xəttini də dağıdıblar. Həmin vaxt Prezident Administrasiyasına, “Azərişıq” ASC-yə, Daxili İşlər Nazirliyinə müraciət etdik. Kameraları deaktiv etmişdilər”.

Qadın əlavə edib ki, evin uçurulması bu gün 10:30-da baş verib:

“Səsə baxdım ki, ekskavator sürən maskalı oğlan və bir də nəzarətçi dayanmışdı. Sonra anidən səs qopdu. Mən qışqırdım ki, evdəyik, amma uçurdular. Hadisə zamanı onkoloji xəstə olan bacımın qoluna daş düşdü, mənim isə şüşə qolumu kəsdi.

Aşağı düşüb ekskavatorun qarşısında dayanıb dedim, etmə, mən sənin anan yaşındayam. Ekskavatorun çömçəsini başımın üstündə saxladı, sonra geri çəkib sürətlə uzaqlaşdı”.

 

***

Bakıda yaşayış olan evin sökülməsi ilə bağlı cinayət işi açılıb.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, tikinti şirkətinin iş icraçısı və ekskovator sürücüsü saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.

***

“2024-cü il dekabrın 24-də üzərində mənim – yəni ev sahibinin adı, içərisində isə Məlahət Hacıyevanın adı qeyd edilmiş bildiriş məktubu almışıq. Məlahət Hacıyeva adında bizim heç bir ailə üzvümüz və yaxınımız yoxdur. Onlar telefonda dedilər ki, bu, texniki səhvdir, məhkəmə elə-belə prosesdir, formaldır, siz məhkəməni ciddiyə almayın, biz onsuz da sizinlə razılığa gələcəyik. Mən də dedim ki, məhkəmə dövlətin ən ali strukturudur, necə qeyri-ciddi proses ola bilər? Siz nə danışırsınız?”

Bu fikirləri Oxu.Az-a açıqlamasında Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkətin qanunsuz dağıtdığı evin sahibi Həbib Hacıyev deyib.

O qeyd edib ki, bildiriş məktubu orfoqrafik səhvlərdən oxunmayıb:

“Bildiriş məktubunda yazılmışdı ki, “sizin sənədsiz-sübutsuz gecəqondu evinə 173 min manat kompensasiya veririk, ya 10 günə evi boşaldın, ya da məhkəməyə verəcəyik. Bunlar mənim beşmərtəbə villama “gecəqondu” deyirlər, üstəlik, evimin çıxarışı var.

Ev sənədli-sübutlu bizə aiddir. Hətta mənim vəkilim belə bu iddiaya gülmüşdü ki, komediyadır, çıxarışı ləğv etdirmək üçün mülkiyyəti olan şəxsi necə məhkəməyə verirsiniz? Mülkiyyət konstitusiya ilə qorunur. Əsassız iddia idi, sadəcə, məhkəməyə veriblər. Nə qara məqsədləri olduğunu bilmirəm. Qanunsuz fəaliyyətlərinə qanuni don geyindirməyə çalışırdılar. Məhkəmədə gedən proseslərdə əsaslı heç nə ortaya qoya bilmədilər. Hakim bizim lehimizə qərar çıxarmışdı ki, evin ətrafında hər hansısa bir ağır tikinti texnikası işlətmək olmaz, qadağandır, qəti şəkildə. Lakin “Melissa Park” şirkəti məhkəmə qərarını çeynədi, daha da azğınlaşdılar.

Anamla birgə bu gün ayaq nahiyəmdən mənə də xəsarət yetiriblər. Xəstəxanadan indi gəlmişəm”.