Türkiyənin aydınlıq və qaranlıq üzü
Xəqani Cəfərli
Türkiyənin aydınlıq üzü
Ankarada fəaliyyət göstərən Toplum Çalışmaları Enstitüsü son günlər keçirilən etirazlarla bağlı Ankarada araşdırma aparıb. Araşdırma zamanı məlum olub ki, 35 yaşdan aşağı etirazçılar aksiya iştirakçılarının 94.2 faizini təşkil edir. Etiraz aksiyasında iştirak edənlərin siyasi və ideoloji kimliklərinin araşdırılması zamanı məlum olub ki, etirazçıların 55.6 faizi özlərini Atatürkçü hesab edir. Özünü milliyyətçi hesab edənlər etirazçıların 16.9 faizini, sosialistlər 10.1 faizini, sosial demokratlar 9.7 faizini təşkil edir. Bu Türkiyənin aydınlıq üzü, Mustafa Kemal Atatürkün Cümhuriyyəti əmanət etdiyi türk gəncliyidir. Araşdırmanın üzə çıxardığı nəticə AKP-nin “dindar və kindar nəsil” yetişdirmək siyasətinin iflasa uğradağını göstərir.
Türkiyədə həll edilməsi lazım olan ən əhəmiyyətli problem nədir?-sualına gənclərin 54.3 faizi “Ədalət” cavabını verib. Gəncləri meydanlara çıxaran digər səbəblər isə hakimiyyətin anti-demokratik idarəetməsi və gələcəklə bağlı narahatlıqdır.
İslam ədalətindən dəm vuran, “Ömər ədaləti” tətbiq edəcəyini vəd edərək hakimiyyətə gələn AKP-nin 23 illik hakimiyyətinin sonunda gəncləri meydanlara çıxaran əsas səbəb ölkədə hökm sürən ədalətsizlikdir. İslamçıların ədalət anlayışının çağdaş ədalət anlayışından, sosial ədalətdən köklü şəkildə fərqlənməsinin nəticəsidir ki, gənclərin 54.3 faizi ədalət uğrunda mübarizə üçün küçələrə çıxıb.
Türkiyənin qaranlıq üzü
Türkiyənin azsaylı gerçək sənət adamlarından olan Volkan Konak Quzey Kıbrısda konsertlə çıxış etdiyi səhnədə həyatını itirdi. Çatalca müftisi Əhməd Mehmetalioğlu səhnədə həyatını itirən Volkan Konakın ölümülü ilə bağlı deyib ki, səhnədə gəbərdi. Bu Türkiyənin qaranlıq üzüdür. Mədəniyyətə, sənətə düşmən olan üzüdür. Türkiyədə milyonlarla, hətta bir neçə on milyon Əhməd Mehmetalioğlu kimi radikal dinçi var. Talibandan daha radikal olan Mənzil, İsmailağa kimi cammatların milyonlarla müridi var. Bu radikal dini qrupların hədəfində olan ölkələrdən biri, bəlkə də birincisi Azərbaycandır. Türkiyəyə təhsil almağa gedən gənclərimizin bir hissəsinin bu radikal dini qrupların təsirinə düşdüyü haqqında qorxunc məlumatlar var.
Türkiyədə 2017-2023-cü illər arasında qadınların şübhəli ölümlərində 82 faiz artım baş verib. Dini təriqqətlərdə azyaşlı oğlan və qız uşaqlarının cinsi təcavüzə məruz qalması elə bir həddə çatıb ki, bir neçə dəfə Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi ilə nazirlərin toplantısında müzakirə edilib. Ancaq heç bir tədbir görülməyib. Çünki, Ərdoğanın hakimiyyəti həmin dini qruplardan asılı vəziyyətə düşüb. Bu mənzərə Türkiyənin qaranlıq üzüdür.
Beynəlxalq Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Təşəbbüsünün hesabatına görə, Türkiyə mütəşəkkil cinayətkarlığın səviyyəsinin ən yüksək olduğu Avropa ölkəsidir. Bu Türkiyənin qaranlıq üzüdür.
Türkiyədə yaranmış vəziyyətin nə qədər ağır olduğunu Ərdoğanın kürəkəni, keçmiş maliyyə naziri Berat Albayrakın hələ 2020-ci ildə dediyi sözlər daha dəqiq ifadə edir: “At izi it izinə qarışıb“.
Ən pisi də odur ki, Türkiyənin bu vəziyyətdən qurtulacağı ehtimalı 50 faizdən də azdır.